Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MDB ölkələri başçıları tərəfindən 13 sənəd imzalanacaq
MDB Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 16-da keçiriləcək növbəti iclasında siyasi əməkdaşlıq sahəsini, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sferalarını əhatə edən 13 sənəd layihəsinin nəzərdən keçiriləcəyi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, iclasda bir müddət əvvəl MDB-nin yaradılmasının 25-ci ildönümü və Nürnberq Tribunalının işinin başa çatmasının 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasında təsdiq edilmiş sənədlərin imzalanacağı planlaşdırılır.
Bundan əlavə, dövlət başçıları MDB-nin nizamnamə və sahə orqanlarının effektivliyinin artırılması kontekstində Birliyin müasir reallıqlara adaptasiyası məsələlərini müzakirə edəcək.
DBŞ-nin iclasında humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi çərçivəsində MDB-də 2017-ci ilin Ailə ili, 2018-ci ilin isə Mədəniyyət ili elan olunacağı güman edilir. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda "Birliyin mədəniyyət paytaxtları" dövlətlərarası proqramın həyata keçirilməsi və bu proqramın Əsasnaməsində müvafiq dəyişikliklər edilməsi haqqında debatların olacağı da gözlənilir.
Əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə 2020-ci ildə MDB ölkələrində əhalinin siyahıyaalınmasının həyata keçirilməsinin zəruriliyi barədə müzakirələr də aparılacaq.
Həmçinin MDB-yə üzv ölkələrin dövlət başçılarının 2017-2019-cu illər üzrə terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə və 2016-2019-cu illər üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətkarlığa qarşı mübarizə üzrə əməkdaşlıq proqramının qəbul ediləcəyi planlaşdırılır.
Eyni zamanda cinayət prosesi iştirakçılarının müdafiəsi məsələsi müzakirə olunacaq.
N.O.
www.oxu.az