Rusiya Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Çeçenistan sakinlərinə qarşı təxribat xarakterli videolar yerləşdirən erməni bloqer Areq Şepixinlə bağlı araşdırma başladıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı nazirliyin Mətbuat Xidməti yayıb.
"Rusiya DİN-in Ekstremizmlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Çeçenistan sakinlərinə qarşı təxribat xarakterli açıqlamaların yer aldığı videomaterialları sosial şəbəkələrdə paylaşan bloqerə dair araşdırma təşkil olunub. Araşdırma çərçivəsində zəruri ekspertiza tədbirləri təyin ediləcək", - deyə qurumdan bildirilib.
Nazirlikdən əlavə edilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən qərar veriləcək.
Moskvada Yaroslavskiy vağzalında naməlum şəxslər tərəfindən oğurlandığı iddia edilən erməni bloqer Areg Şepixin əslində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
Nazirin sözlərinə görə, 3 iyun tarixindən etibarən Çeçenistan Daxili İşlər Nazirliyi Şepixinin "dini dəyərləri təhqir etmə" və "milli nifrət, düşmənçilik yaratma, insan ləyaqətini alçaltma" maddələri üzrə ifadələri ilə bağlı ifadələrinə görə araşdırmalara başlayıb.
"Etnik təmizləmələrə və nasizmə açıq şəkildə çağırışlar edən, dini və Allahı təhqir edən, ekstremist fikirlər səsləndirən və hətta azyaşlı uşaqlara qarşı zorakılıq niyyəti bəyan edən cinayətkar Areq Şepixin oğurlanmayıb. O, Moskvadakı aidiyyəti strukturlarla koordinasiyalı şəkildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb", - deyə Dudaev vurğulayıb.
O əlavə edib ki, Çeçenistandan olan Dövlət Dumasının deputatları məsələ ilə bağlı Moskva hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırlar.
Rusiya paytaxtında Yaroslavskiy vağzalının yaxınlığında erməni bloqer Areg Şepixinin oğurlanmasının təfərrüatı məlum olub.
Oxu.Az bu barədə Rusiya mediasına istinadla xəbər verib.
Erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.
Hadisənin görüntülərində Şepixinin bir neçə nəfər tərəfindən tutulduğu və "Mercedes-Benz" markalı avtomobilin baqajına salındığı əks olunub.

Sonradan polis Kiyev şosesi istiqamətində həmin avtomobili saxlayıb, lakin Şepixinin özü nəqliyyatda olmayıb. Hadisə ilə bağlı altı nəfər saxlanılıb və polis bölməsinə aparılıb. Onlardan üçü özünü Rusiya Qvardiyasının əməkdaşı kimi təqdim edib. Araşdırmalardan sonra bütün şübhəlilər sərbəst buraxılıblar.
Areq Şepixinin harada olduğu hələ də bilinmir. Onun oğurlanma motivləri və taleyi ilə bağlı suallar isə açıq qalır.