Rusiyanın paytaxtı Moskvada, "Moskva-Siti" kompleksində sürücü avtomobillə hotellərdən birinin giriş qapısına çırpılıb, daha sonra maşından düşərək "Ləzginka" rəqsi oynayıb.
Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın mənbəsinin ilkin məlumatına görə, qapının dağıdılmasına sürücü ilə hotelin mühafizəçiləri arasında yaranan münaqişə səbəb olub.
Yayılan kadrlarda avtomobilin hotelin fırlanan qapılarına çırpıldığı görünür. Bundan sonra sürücü maşından düşərək binanın girişində rəqs etməyə başlayıb. O, şüşə divarın arxasında dayanan mühafizəçilərə baxaraq əllərini yelləyib, yumruqlarını havada silkələyib və "Ləzginka" oynayıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, yol polisi əməkdaşları Presnenskaya sahilində yerləşən hotelin mühafizəçiləri ilə mübahisədən sonra avtomobili ilə binanın foyesinə daxil olmağa cəhd edən və şüşə qapıları dağıdan sürücünü saxlayıblar.
Volk bildirib ki, hadisə yerinə gələn əməkdaşlar aqressiv davranan şəxsin mühafizəçilər tərəfindən binaya buraxılmadığını müəyyən ediblər. Bundan sonra həmin şəxs avtomobilinə əyləşərək maşınla qapıları dağıdıb, mühafizəçilərdən birini vurub və ərazidən qaçıb. O, çıxışdakı şlaqbaumu da zədələyib.