Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Narinin qətli ilə bağlı qorxunc ehtimal ortaya çıxdı: Dişləri bir-bir çəkilmiş ola bilər
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
Xatırladaq ki, istintaq çərçivəsində cəsədin yarılması zamanı aşkarlanan bir detal Türkiyəni ayağa qaldırmışdı. Narin tapıldığı zaman onun dişlərinin olmadığı və bu səbəbdən araşdırma üçün dişlərdən nümunənin götürülə bilmədiyi üzə çıxmışdı.
Lakin türkiyəli məhkəmə-tibb eksperti, professor Halis Dokgöz dişlərin özünün tökülməsinin mümkünsüzlüyünü açıqlayıb.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Halis Dokgözün sözlərinə görə, insan bədəninin ən möhkəm hissəsi dişlər və skeletdir və cəsəd günlərlə çöldə qalsa belə, dişlər tökülə bilməz.
"Bu səbəbdən dişlərin öz-özünə tökülmə ehtimalı yoxdur. Yəni çürüyərək də tökülə bilməzlər. Uzun müddət suyun altında qaldıqları üçün də tökülə bilməzlər. Bu, ancaq kənar müdaxilə ilə mümkün ola bilər. Yəni dişin tək-tək çəkilməsi və ya sındırılması lazımdır. Diş çəkmək peşəkarlıq tələb edir, asan bir şey deyil. Bəlkə bir neçə süd dişlər düşmüş ola bilər, amma digər dişlərdə bir problem olduğunu düşünmürəm", - deyə ekspert bildirib.
Qeyd edək ki, Narin Güranla bağlı ilkin yarılma hesabatının yaxın həftə ərzində tamamlanacağı gözlənilir.
Qeyd edək ki, İstanbul Ədliyyə Tibb İdarəsinin hesabatına görə, Narinin cəsədində onun boğularaq öldürüldüyünə dair əlamətlər müəyyən edilib. Həmçinin uşağın sinəsinə təpik və yumruqla vurulduğuna dair də izlərə rast gəlinib.
Rəylər