Norveçdə 6 yaşlı oğlan məktəb ekskursiyası zamanı təsadüfən 1 300 illik qılınc tapıb. Tarixi tapıntının vikinqlər dövründə yaşamış bir döyüşçüyə məxsus olduğu ehtimal edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Goodnews Network" nəşri məlumat yayıb.
Henrik adlı oğlan kəşfini Hadeland tarixi vilayətinin Qran rayonuna səfər zamanı edib. Gəzinti zamanı yerdən çıxan paslı metal əşya görən uşaq onu böyüklərə göstərmək qərarına gəlib. İlk baxışdan tapıntı adi dəmir parçası kimi görünsə də, onlar dərhal mədəni irsin qorunması üzrə mütəxəssislərlə əlaqə saxlayıblar. Mütəxəssislərin araşdırması nəticəsində əşyanın yüksək tarixi dəyərə malik olduğu təsdiqlənib.
Məlum olub ki, Henrik "skramasaks" tipli qədim dəmir qılınc tapıb. Uzun və təktərəfli bıçağa malik bu silah erkən orta əsrlərdə Şimali Avropada geniş istifadə edilib. Belə silahlar həm döyüşdə, həm də gündəlik həyatda istifadə olunurdu.
Tədqiqatçıların fikrincə, qılınc erkən vikinqlər dövrünə aiddir. Mütəxəssislər bıçaq hissəsinin Norveçdə deyil, Merovinqlər dövründə oxşar silahların geniş yayıldığı Frank krallığında istehsal olunmuş ola biləcəyini də istisna etmirlər.
Araşdırmadan sonra qılınc Oslodakı Mədəniyyət Tarixi Muzeyinə təhvil verilib. Hazırda mütəxəssislər tarixi əşyanın konservasiyası və ətraflı tədqiqi ilə məşğul olurlar.