Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"OpenAI" sabiq qurucusu İlon Maskı məhkəməyə verdi
"ChatGPT"nin yaradıcısı "OpenAI" Kaliforniyadakı ABŞ Federal Məhkəməsində milyarder İlon Maska qarşı cavab iddiası ilə çıxış edib. Şirkət Maskın süni intellektin kommersiyalaşdırılması ilə bağlı hər hansı qanunsuz və ədalətsiz hərəkətlərindən qorunmasını tələb edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"OpenAI"ın bəyanatına görə, İlon Mask şirkətə zərər vermək üçün ona əlçatan bütün vasitələrdən istifadə edib.
"Mətbuatdakı hücumlar, Maskın nəzarətində olan "X" sosial şəbəkəsindəki 200 milyondan çox abunəçiyə yayımlanan zərərli kampaniyalar vasitəsilə o, "OpenAI"ın nüfuzunu və biznesini sarsıtmaq üçün hər şeyi sınaqdan keçirib", - deyə bəyanatda bildirilir.
"OpenAI" milyarderin vurduğu zərərə görə məsuliyyətə cəlb olunmasını tələb edir.
Daha əvvəl Kaliforniya məhkəməsi Maskın "OpenAI" və onun rəhbəri Sem Altmana qarşı şirkətin kommersiyalaşdırılması ilə bağlı iddiasını rədd etmişdi. Məhkəmə bəyanatına görə, iddiaçı öz tələblərini əsaslandıra bilmədiyi üçün "OpenAI"ın kommersiya təşkilatına çevrilməsinə mane olmaq məqsədi daşıyan hüquqi addımlar dayandırılmalıdır.
Mask "OpenAI" və Altmana qarşı iddia ərizəsini 2024-cü ilin martında təqdim edib. "SpaceX"in təsisçisi "OpenAI"ın amerikan texnologiya nəhəngi "Microsoft"un dəstəklədiyi mənfəət əldə etmək üçün kommersiya təşkilatına çevrilməsinə qarşı çıxır. Milyarderin sözlərinə görə, bu, həmtəsisçi kimi Maskın imzaladığı 2015-ci il müqavilə sazişinə ziddir.
Mask və Altman İlya Sutskever, Qreq Brokman və bir sıra digər şəxslərlə birlikdə 2015-ci ilin dekabrında "OpenAI"ı təsis ediblər. Mask şirkətin direktorlar şurasının üzvü olub, lakin 2018-ci ildə oradan ayrılıb. 2023-cü ilin yazında o, "xAI" adlı süni intellekt sahəsində startap yaradıb.
"OpenAI" teqi üzrə xəbərlər
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- "Apple"ın dizayneri və "OpenAI"nin rəhbəri güclərini birləşdirirlər: Yeni cihaz yaradılır
- Yüzlərlə Hollivud aktyoru süni intellektə məhdudiyyət qoyulmasını tələb edir
- "OpenAI" yeni süni intellekt modelini təqdim etdi
- "Meta" şirkəti "Facebook", "Instagram" və "WhatsApp" kimi ayrıca tətbiq buraxmağa hazırlaşır