"ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkəti çat-botun ABŞ-dən olan yeniyetmənin intiharına kömək etməsi ittihamlarını rədd edib və neyroşəbəkənin onu xilas etməyə çalışdığına israr edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Onun yazışmaları ilə tam tanışlıq göstərir ki, ölümünə "ChatGPT" səbəb olmayıb", - deyə şirkətin məhkəmə üçün bəyanatında deyilir.
"OpenAI"ın məlumatına görə, yeniyetmə çat-bota öz problemlərindən və "ChatGPT" ilə ünsiyyətə başlamazdan bir neçə il əvvəl düşündüyü intihar istəyindən danışıb. Şirkətin hüquqşünasları iddia edirlər ki, neyroşəbəkə yeniyetməyə 100 dəfədən çox sosial xidmətlərə müraciət etməyi və ya yaxınları ilə danışmağı məsləhət görüb. Faciədən bir neçə gün əvvəl oğlan çat-bota ətrafındakı insanlardan kömək istəmək cəhdlərindən, lakin heç kimin ona reaksiya verməməsindən danışıb.
Xatırladaq ki, kaliforniyalı ailə "OpenAI"a qarşı iddia qaldıraraq, onu 16 yaşlı oğullarının ölümündə ittiham edib. "NBC News" telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemlərindən danışıb və onun ölümündən bir neçə həftə əvvəl neyroşəbəkə köməkçi proqramdan "intihar məşqçisi"nə çevrilib. Yeniyetmənin valideynlərinin iddia etdiyinə görə, oğlan intihar etmək istədiyini yazanda çat-bot onunla ünsiyyəti nəinki dayandırmayıb, həm də bu mövzuda, o cümlədən intihar məktubunun necə yazılması barədə onu məlumatlandırıb.