ABŞ Hərb Nazirliyi daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat verib.
Materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib.
2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında hərəkət edən iki qırmızı kürəni görmək mümkündür. Pentaqonun açıqlamasında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi maşınını park edərkən öz evinin həyətində intensiv, parlaq işıq görüb.
Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın əmri ilə məxfilikdən çıxarılan UNO sənədlərinin son partiyasıdır. Genişmiqyaslı qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat direktorunun idarəsi, Energetika Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FTB) və NASA iştirak ediblər.
Xatırladaq ki, Donald Tramp bu ilin aprel ayında UNO barədə məlumatları açıqlamaq niyyətini bəyan etmişdi. O, yaxın keçmişdə naməlum obyektlər mövzusunu, o cümlədən bu cür hadisələri müşahidə edən amerikalı hərbi pilotlarla da müzakirə etdiyini bildirmişdi. ABŞ liderinin sözlərinə görə, onlar "elə bir şey görüblər ki, buna inanmaq mümkün deyil".