Peru hakimiyyəti paytaxt Limada və eyniadlı regionda kütləvi etirazlarla əlaqədar yaxın saatlarda fövqəladə vəziyyət tətbiq etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Peru hökumətinin başçısı Ernesto Alvares çıxış edib. Onun çıxışı "TV Peru" kanalı ilə yayımlanıb.
"Fövqəladə vəziyyətin elan edilməsi daha bir nəticəsiz boş tədbir ola bilməz. Buna görə də biz indiyə qədər fövqəladə vəziyyət tətbiq etməmişdik".
Alvares bildirib ki, hakimiyyət mövcud vəziyyətlə bağlı bir sıra tədbirlər görməyə hazırlaşır. Limada komendant saatının tətbiqi belə tədbirlərdəndir.
Qeyd edək ki, oktyabrın 16-da səhər saatlarında Limada hökumət əleyhinə aksiyalar keçirilib. Polis etirazçılara güc tətbiq etməli olub. Dünənki etirazlar nəticəsində 100-dən çox adam xəsarət alıb, lakin onların böyük əksəriyyəti polis əməkdaşlarıdır.