Polşanın Skarjisko-Kamenna şəhərində ölkənin ən böyük dron istehsalçısı olan "WB Electronics" zavodunda yanğın baş verib. Xəsarət alan olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Sventokşiski voyevodluğunun polisi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
İdarənin məlumatına əsasən, avqustun 31-nə keçən gecə (Bakı vaxtı ilə saat 01:00-da - red.) zavodun əməkdaşlarından biri hüquq-mühafizə orqanlarına əraziyə müdaxilə sensorunun işə düşməsi barədə məlumat verib və qısa müddət sonra yanğın baş verdiyi məlum olub. Yanğının söndürülməsində beş briqada iştirak edib, alovun qarşısını almaq üçün təxminən iki saat vaxt lazım gəlib. Hadisə yerində polis əməkdaşları ilə yanaşı, kinoloqlar da çalışıblar.
Yanğının səbəbləri rəsmi olaraq hələ müəyyən edilməyib. Hakimiyyət orqanları zavodun qəsdən yandırılması versiyasını istisna etmirlər. Bildirilir ki, təhlükəsizlik kameralarının görüntülərində çəpərdən aşan bir kişi görünür.