2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “İnterfaks” verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib.
O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır:
“2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”.