Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda "Qalatasaray" klubunun futbolçusu Lukas Torreyraya hücum edilib. Uruqvaylı futbolçunu yumruqlayan adam şübhəli şəxs kimi saxlanılıb.
Bu barədə Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir.
Bildirilib ki, hadisə ticarət mərkəzindəki kafenin qarşısında - futbolçu sevgilisi ilə məkandan çıxdığı zaman baş verib. Onlar arasında başlayan mübahisə qızışıb və 32 yaşlı Yusuf adlı şəxs Lukas Torreyraya yumruq zərbəsi vurub. Daha sonra o, taksiyə minərək hadisə yerindən uzaqlaşmaq istəyib, lakin saxlanılıb.
Müayinələr zamanı Lukas Torreyranın sol qaşı və gözünün arasında qızartı aşkar edilib. Futbolçu şübhəliyə qarşı şikayət ərizəsi yazıb və məhkəmə iddiası qaldırıb.
Məlum olub ki, Torreyranın sevgilisi daha əvvəl həmin şübhəlidən şikayətçi olub və onun barəsində "uzaqlaşdırma" qərarının verilməsinə nail olub. Onun, həmçinin qəsdən xəsarət yetirmə ittihamı ilə cinayət əməlinin olduğu da müəyyən edilib.
Hazırda məsələ ilə bağlı istintaq prosesi davam edir.