"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra gələcək karyerası ilə bağlı mühüm açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Picado TV"yə müsahibə verib.
Ulduz futbolçu İstanbul klubundakı müqaviləsinin qalan hissəsini başa vurmaq istədiyini vurğulayıb:
"Hazırda "Qalatasaray"la vacib bir müqaviləm var. Qarşıda hələ 2 ilim qalıb və əsas düşüncəm buradakı çıxışımı mümkün qədər davam etdirməkdir. Bütün gücümlə "Qalatasaray"da qalmağa çalışacağam".
Torreyra aparıcının "Son vaxtlar "Boka Xuniors"da oynamağa yaxın olmusanmı?" sualını isə belə cavablandırıb:
"Xeyr, heç vaxt belə bir ehtimal olmayıb. Bəzən bu barədə danışanda mənim xəyal satdığımı iddia edirlər, amma eybi yox. Mən bu sözləri sadəcə o kluba bəslədiyim böyük sevgiyə görə deyirəm".
Uruqvaylı oyunçu gələcək karyerasında Argentina nəhənginin formasını geyinmək fürsəti yaranarsa, bundan məmnuniyyətlə istifadə edəcəyini sözlərinə əlavə edib:
"Əgər bir gün "Boka Xuniors" ehtimalı reallaşarsa, bunu çox istəyərəm. Olmasa da, nə edək, qismət..."