"İran öz nüvə obyektlərində uzun illər ərzində yoxlamaların aparılmasına şərtsiz olaraq razılaşıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında bəyan edib.
Ağ Ev lideri sözügedən məsələ ilə bağlı mətbuatda yayılan məlumatları da dezinformasiya adlandırıb.
"Mətbuatın əks iddialarına və ABŞ-nin qələbəsini mümkün qədər kiçik və əhəmiyyətsiz göstərmək üçün hər şeyi edən yalan xəbərlərin fəaliyyətinə baxmayaraq, İran gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarının uzunmüddətli (Sonsuza qədər!!!) həyata keçirilməsinə tam və qəti şəkildə razılıq verib. Bu addım "Nüvə dürüstlüyünü" təmin edəcək", - deyə Tramp bildirib.
Onun sözlərinə görə əgər İran bu şərtlə razılaşmasaydı, heç bir əlavə danışıqlar aparılmayacaqdı. Ağ Ev lideri İranın dondurulmuş aktivlərinin hara xərclənəcəyini də növbəti dəfə təkrar edib.
"İranın bu və digər mühüm güzəştlərini nəzərə alaraq, Hörmüz boğazının açıq qalmasına və əlavə dəniz blokadasının tətbiq edilməməsinə razılıq verdim. Bununla belə, blokadanın bərpası zərurəti yaranarsa, bütün gəmilər öz mövqelərində qalır, baxmayaraq ki, hazırkı mərhələdə bu addım ehtimal olunmur. ABŞ Maliyyə Nazirliyi tərəfindən sərbəst buraxılan pul və sanksiya vəsaitləri ABŞ-nin nəzarətində olan xüsusi hesaba köçürülür və bu vəsaitlərdən yalnız Amerika Birləşmiş Ştatlarından qida və tibbi ləvazimatların, o cümlədən möhtəşəm amerikalı fermerlərimizdən qarğıdalı, buğda və soya lobyasının alınması üçün istifadə ediləcək. Bunlar İranın hazırda kəskin şəkildə ehtiyac duyduğu məhsullardır. Bu bir humanitar böhrandır və mən çox gec olmadan indi kömək etməyin vacib olduğunu düşünürəm. Danışıqlar müsbət məcrada gedir", - deyə Ağ Ev lideri paylaşımında qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirmişdi ki, Tehran Bürgenstokda Beynəlxalq Atom Enerjisi Agentliyi ilə öz nüvə obyektlərində yeni yoxlamalar məsələsini müzakirə etməyib.
Bundan başqa Donald Tramp onu da qeyd edib ki, iyunun 22-də Hörmüz boğazından təqribən 19 milyon barel neft keçirilib. ABŞ Prezidenti Donald Tramp bununla bağlı paylaşım edərək, bu göstəricinin rekord həddə olduğunu vurğulayıb.
"Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb - bu, mütləq rekorddur. Neft qiymətləri ucuzlaşır, dünya isə daha təhlükəsiz olur", - o, "Truth Social" hesabında yazıb.