Qastroenteroloqlar Nişa Patel və Acay Verma qarında şişkinlikdən tez bir zamanda necə xilas olmağın üsullarını açıqlayıblar.
Oxu.Az-ın xəbərinə görə, onlar "The Guardian" nəşrinə müsahibəsində dərman qəbul etmədən bağırsaq funksiyasını yaxşılaşdırmağın yollarından danışıblar.
Mütəxəssislər izah ediblər ki, xoşagəlməz hissin əsas səbəblərindən biri maye qəbulu rejiminə əməl edilməməsidir. Acay Vermanın sözlərinə görə, bu səbəbdən qida bağırsaqlarda daha uzun müddət qala bilər ki, bu da qazların yaranmasına və qarında ağırlıq hissinə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün o, rasiona tez-tez meyvə-tərəvəz, paxlalı bitkilər və tam taxıl məhsulları daxil etməyi tövsiyə edib.
Həkimlər, həmçinin daha çox hərəkət etməyi və xüsusilə axşam saatlarında həddindən artıq çox yeməməyi məsləhət görüblər. Onlar qeyd ediblər ki, qida qəbulundan sonra hətta yüngül gəzinti belə həzmi sürətləndirə və narahatlığı azalda bilər. Bundan əlavə, Nişa Patel spirtli içki, yağlı qidalar və ultra emal olunmuş qidaları azaltmağı tövsiyə edib.
Qastroenteroloq, həmçinin qeyd edib ki, bir çoxları maye rejiminin və stresin bağırsaqlara təsirini doğru qiymətləndirmirlər. O əlavə edib ki, yaxşı yuxu və gərginliyin azalması da şişkinliyi daha tez aradan qaldırmağa kömək edə bilər.