Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur.
Oxu.Az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, oftalmoloq Vyaçeslav Kurenkov 360.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insan orqanizmində gözü daim nəmli saxlayan xüsusi üçqatlı maye ifraz edən vəzilər sistemi mövcuddur. Onun üst - yağlı qatı mayenin buxarlanmasının qarşısını alır, ikinci - sulu qatı gözü nəmləndirir, üçüncü - yapışqan (müsin) qatı isə göz yaşının gözdən axıb getməsinin qarşısını alaraq onu səthdə saxlayır.
"Bu sistem çox vacibdir, çünki əks halda gözün ön səthində müxtəlif xəstəliklər, o cümlədən quru göz sindromu inkişaf etməyə başlayır", - deyə professor Kurenkov qeyd edib.
Oftalmoloq Olqa Vasilyeva isə əlavə edib ki, quru göz sindromunun geniş yayılmış bir növü də smartfon və kompüterlərdən uzunmüddətli istifadə nəticəsində yaranan "kompüter görmə sindromu"dur:
"Uzun müddət diqqətimizi bir nöqtəyə - ekrana yönəltdikdə daha az göz qırpırıq. Bu hal aylarla davam etdikdə selikli qişa tədricən quruyur və göz səthi bu quru mühitə uyğunlaşmağa başlayır".
Mütəxəssislər quru göz sindromunun əsas əlamətləri kimi səhərlər gözlərin qızarmasını, gün ərzində gözlərdə qum və ya yad cisim hiss edilməsini qeyd edirlər.