Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 17 nəfər çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında paylaşım edib. Onun sözlərinə görə 44 nəfər xəsarət alıb.
"Doğmalarına və yaxınlarına başsağlığı verirəm. Bu, çox ağır bir zərbə idi: 24 ballistik raket, 4 "Sirkon/Oniks" və böyük əksəriyyəti reaktiv olan daha 115 pilotsuz uçuş aparatı. Hücumun başlıca hədəfini mülki müəssisələrin anbarları təşkil edib, eyni zamanda, infrastruktur obyektləri və dəmiryol stansiyası da vurulub. Müharibəyə aidiyyəti olmayan hədəflər: pivə zavodu, tikinti materialları anbarları, mülki logistika", - deyə o yazıb.
Avqustun 5-i gecə saatlarında Rusiya silahlı qüvvələrinin Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) və Kiyev Vilayət Hərbi Administrasiyası xəbər verib.
"Brovarı rayonuna edilən hücumlar nəticəsində Brovarı şəhəri, Velikaya Dimerka qəsəbəsi, Kvitneve və Pobeda kəndlərindəki anbar binalarında güclü yanğınlar qeydə alınıb. Fastov rayonunda yerləşən müəssisələrdən birində nəqliyyat vasitələrində başlayan yanğının qarşısı alınıb. Buça rayonunun Çayki kəndindəki anbarda çıxan yanğının söndürülməsi istiqamətində işlər aparılır. Sofiyevskaya Borşaqovka kəndində isə logistika mərkəzinin ərazisindəki alovun qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.
Dövlət xidmətindən bildirilib ki, gecə saatlarında Obolon, Svyatoşin, Qoloseyev və Desnyan rayonları da hücumlara məruz qalıb.
"Başqa bir ünvanda sənaye müəssisəsinin ərazisində kiçik miqdarda ammonyak sızıntısı baş verib. Xilasedicilər klapanları bağlayaraq axının qarşısını alıblar. Xoşbəxtlikdən sakinlər üçün heç bir təhlükə yoxdur", - deyə qurumdan bildirilib.