Rusiya Dövlət Dumasının plenar iclasında ölkədə işləmək istəyən miqrantlar üçün əlavə tələblər müəyyən edən qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, miqrantlar özlərini və Rusiyada yaşayan, eləcə də himayəsində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə maddi cəhətdən təmin etməlidirlər. Əks təqdirdə, əcnəbilərin patenti və ya iş icazəsinin müddəti uzadılmayacaq və bundan sonra onlar yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməyə məcbur olacaqlar.
Əcnəbi işçilərin gəlir səviyyəsinə səlahiyyətli qurumlar tərəfindən nəzarət ediləcək. Qanun layihəsinə görə, vergi orqanları işləyən xarici vətəndaşın təqvim ilinin üç, altı, doqquz və 12 ayı üzrə əldə etdiyi gəlirləri barədə məlumatları avtomatik olaraq Rusiya Daxili İşlər Nazirliyinə (DİN) göndərəcək.
Miqrantlar özləri də gəlirləri ilə bağlı hesabat verəcəklər. Onlar Rusiyada yaşamaq barədə hər il DİN-ə təqdim etdikləri bildirişlə yanaşı, hesabat dövrü üçün gəlir arayışını, vergi bəyannaməsinin surətini və ya fiziki şəxslərin gəlir vergisinin ödənildiyini təsdiqləyən sənədlərdən birini təhvil verməyə borclu olacaqlar.
Layihə müəllifləri həmçinin müvəqqəti yaşama icazəsi və yaşayış vizasının ləğv edilməsi üçün əsasların siyahısını genişləndirməyi təklif edirlər.
Bundan əlavə, 18 yaşına çatdıqda miqrantların övladları 30 gün ərzində Rusiyanı tərk etməli və ya həmin müddət ərzində patent verilməsi üçün müraciət etməlidirlər.
Sənəd həmçinin iş təcrübəsi, bacarıqları və ya nailiyyətləri nəzərə alınmaqla yüksəkixtisaslı mütəxəssislər hesab olunan əmək miqrantlarının əməkhaqqının aşağı hədlərinin dəqiqləşdirilməsini tələb edir.
Mövcud qanunvericilikdə bu cür işçilər hər birinin öz minimal maaş həddi olan bir neçə qrupa bölünür. Layihə müəllifləri yalnız iki qrupun saxlanmasını təklif edirlər.
Qanun Rusiya prezidenti tərəfindən imzalanarsa, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Lakin qanunun bəzi müddəaları üçün qüvvəyəminmə ilə bağlı xüsusi müddətlərin tətbiqi təklif olunur. O cümlədən, vergi orqanlarının əmək miqrantlarının gəlirləri barədə məlumatları DİN-ə göndərməsini tələb edən norma 2026-cı il oktyabrın 1-dən etibarən işləməyə başlayacaq.