Rusiyada təcavüz təhlükəsi şəraitində nüvə qüvvələrinin hazırlığı və tətbiqi üzrə hərbi təlimlərə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumatda bildirilib ki, tədbir may ayının 19-21 tarixlərini əhatə edir.
"Təlimlərə Strateji Təyinatlı Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları, Uzaqmənzilli Aviasiya Komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin qüvvələrinin bir qismi cəlb olunub", - deyə qurumdan bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin əsas məqsədi ehtimal olunan düşmənin qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı tabelikdə olan qoşunların idarə edilməsində rəhbər və əməliyyat heyətinin bacarıqlarının təkmilləşdirilməsi, hərbi idarəetmə orqanlarının və qoşunların təcavüzün qarşısını almağa hazırlığının yoxlanılması, eləcə də qarşıya qoyulmuş tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət, idarəetmə və hərtərəfli təminatın məşq etdirilməsidir. Təlimlər gedişatında nüvə qüvvələrinin bir sıra birləşmə və hərbi hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, onların təminatı, habelə Rusiya ərazisindəki poliqonlarda ballistik və qanadlı raketlərin buraxılışlarının həyata keçirilməsi planlaşdırılır.
Ümumilikdə manevrlərə 64 mindən çox hərbi qulluqçu, 7 800-dən artıq silah və hərbi texnika, o cümlədən 200-dən çox buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 suüstü gəmi və 13 sualtı qayıq (onlardan 8-i strateji təyinatlı raket sualtı qayığıdır) cəlb ediləcək. Bununla yanaşı, Belarus ərazisində yerləşdirilmiş nüvə silahının birgə hazırlığı və tətbiqi məsələləri də sınaqdan keçiriləcək.