Rusiyada Krasnoyarsk diyarının Kansk şəhərindəki məktəblərin birində insanlara hücum edilməsi nəticəsində yeddi nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə KP regionun Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Zərərçəkənlərdən beşi uşaqdır. Onların hamısı təcili tibbi yardım briqadaları tərəfindən Kansk rayonlararası xəstəxanasına çatdırılıb.
Nazirlikdən bildirilib ki, bütün xəsarət alanlar müayinə olunub, onlara lazımi tibbi yardım göstərilib və ambulator nəzarətə göndəriliblər.
Yerli kütləvi informasiya vasitələrinin ilkin məlumatına görə, hücum məktəbin qız şagirdlərindən biri tərəfindən həyata keçirilib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır. Hüquq-mühafizə orqanları hazırda vəziyyətlə bağlı rəsmi şərh verməyib.