Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən "Solneçnıy" ticarət kompleksində baş verən yanğın dörd nəfərin həyatına son qoyub. Daha doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dünyasını dəyişənlərdən üçü bacıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
İlkin ehtimallara görə, hadisəyə qısaqapanma səbəb olub.
Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.
"SHOT" "Telegram" kanalının məlumatına əsasən, yanğın zamanı insanlar sərbəst şəkildə təxliyə oluna bilməyiblər - onlar qışqıraraq kömək istəyiblər. Ticarət mərkəzinə yük maşını yaxınlaşıb, onun banına nərdivan qoyulub və işçilər, həmçinin ziyarətçilər bu yolla aşağı düşüblər. Bəzi şəxslər çarəsizlikdən pəncərələrdən atılıblar.
Məlum olub ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi sistemi işlək vəziyyətdə deyilmiş. "Solneçnıy"da çalışan satıcıların sözlərinə görə, yanğın ikinci mərtəbədəki geyim şöbəsində başlayıb. Onlar bildiriblər ki, düz bir saat ərzində kəskin yanıq qoxusu hiss ediblər, lakin alovun mənbəyini tapa bilməyiblər - nə yanğın siqnalizasiyası, nə də avtomatik yanğınsöndürmə sistemi işə düşüb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.