Xalqlararası Sülh və Dostluq Fondunun rəhbəri, Fransanın sabiq prezidenti general Şarl de Qollun (1959-1969) nəvəsi Pyer de Qoll Rusiya pasportuna sahib olmaq istədiyini, lakin yekun qərarın Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu, sizin dövlət başçınızın verəcəyi qərardır. Vaxtı çatanda yəqin ki, müvafiq addım atılacaq. Mən bunu ürəkdən istəyərdim", - deyə XII Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun yekunlarına dair agentliyə açıqlama verən P.de Qoll bildirib.
O, həmçinin vurğulayıb ki, ailəsi və uşaqları ilə birlikdə Rusiyada məskunlaşmaq fürsətini səbirsizliklə gözləyir və Fransa ilə Rusiya arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir:
"Biz əlaqələr qurmaq, körpülər yaratmaq üçün əlimizdən gələni edirik. Rusiya vətəndaşlığına qəbul edilmək bizim üçün böyük şərəf olardı, ancaq bu olduqca uzun və vaxt aparan bir prosesdir. O da münasib zamanda başlayacaq".