Ermənistan məhkəməsi "Multi Qrup" konserninin sahibi, müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyana qarşı qaldırılan cinayət işi çərçivəsində konsernin keçmiş baş direktoru və İdarə Heyətinin sədri Sedrak Arustamyanı iki ay müddətinə həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə "Çiçəklənən Ermənistan" partiyasının mətbuat katibi İveta Tonoyan bildirib.
Daha əvvəl Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan TASS-a Arustamyanın və "Multi Transport" şirkətinin direktoru Artur Dallakyanın saxlanıldığını bildirmişdi. Arustamyan və Dallakyana qarşı Cinayət Məcəlləsinin 46-255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (külli miqdarda dələduzluğa köməklik etmə) və 46-296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına köməklik etmə) ilə cinayət işi başlanıb.
Qaqik Sarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. O, külli miqdarda dələduzluqda və çirkli pulların yuyulmasında iştirakda ittiham olunur. Siyasətçiyə qarşı, həmçinin qanunsuz vəhşi heyvan ovu ilə bağlı da cinayət işi açılıb.
Bu günədək Sarukyanla əlaqəli 70-ə yaxın şirkət möhürlənib və fəaliyyətini dayandırıb. Əməkdaşlar isə demək olar ki, hər gün bağlanmış müəssisələrin fəaliyyətinin bərpa olunması tələbi ilə aksiyalar keçirirlər.
"Çiçəklənən Ermənistan" partiyasının nümayəndələri və birləşmiş müxalifət hakimiyyətin bu addımlarını siyasi təqib hesab edirlər. Seçkiqabağı kampaniya zamanı Baş nazir Nikol Paşinyan Sarukyanın partiyasını tənqid edərək, onu biznesindən məhrum edəcəyi və "müflis edəcəyi" ilə hədələmişdi.
