İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində iki tankeri ələ keçirib. İran hakimiyyəti tankerlərin qanunsuz olaraq yanacaq daşıdığını iddia edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat verib.
"SEPAH-ın məlumatına görə, ələ keçirilən iki gəmi Farsi adası ətrafındakı sularda yanacaq qaçaqmalçılığında iştirak edirdilər", - deyə agentlik bildirib.
"Mehr"in məlumatına görə, tankerlərdə bir milyon litrdən çox yanacaq daşınırmış. Ekipajın üzvləri olan 15 xarici vətəndaş SEPAH tərəfindən saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib. Saxlanılanların vətəndaşlığı açıqlanmır.
Agentlik əlavə edib ki, bu tankerlərdə qaçaqmalçılıq son bir neçə ay ərzində cinayətkar şəbəkənin çərçivəsində həyata keçirilib.