Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sərnişin təyyarələrinə hücumlar: Üzr istəyən və kompensasiya ödəyənlər - "Kaspi"nin araşdırması
Mülki aviasiyanın əsası qoyulan gündən təqribən 20-dən çox sərnişin təyyarəsi raket, yaxud hərbi təyyarələrin hücumuna məruz qalıb. Sərnişin laynerlərinin vurulması əksər hallarda insan itkisi ilə müşayiət olunub.
AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin Rusiya səmasında kənar müdaxiləyə məruz qalması tarixdə ilk belə hal deyil. Mülki aviasiyanın əsası qoyulan gündən təqribən 20-dən çox sərnişin təyyarəsi raket, yaxud hərbi təyyarələrin hücumuna məruz qalıb. Sərnişin laynerlərinin vurulması əksər hallarda insan itkisi ilə müşayiət olunub. İlk belə hadisə 1938-ci ildə qeydə alınsa da, iri tələfatlara yol açmış olaylar əsasən İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir.
Tarixdə yalnız bir dəfə - 1988-ci ildə Lokerbidə baş vermiş terror aktına görə Liviyaya qarşı BMT-nin və ABŞ-nin sanksiyaları tətbiq olunub. Bütün digər hallarda isə günahkar dövlətlər qurbanların ailələrinə maddi təzminat ödəyərək üzr istəməkdən belə boyun qaçırıblar. Bəziləri isə, ümumiyyətlə, günahlarını boyunlarına almayıblar...
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Səmada "ideoloji mübarizə"
27 iyul 1955-ci ildə İsrailə məxsus London-Vyana-İstanbul-Təl-Əviv marşrutu ilə uçan "Lockheed L-049 Constellation" təyyarəsi səhvən Bolqarıstanın hava məkanına daxil olub və Yunanıstanla sərhəddə "MİQ-15" qırıcısının hücumuna məruz qalıb. 58 sərnişin və ekipaj üzvləri həlak olublar. Bolqarlar səhvlərini boyunlarına alıblar. Ancaq bildiriblər ki, İsrail təyyarəsi onların xəbərdarlığına məhəl qoymayıb deyə, belə sərt addım atmaq qərarına gəliblər. O vaxt Bolqarıstan Varşava blokunun üzvü, İsrail isə ABŞ-nin müttəfiqi olduğundan təyyarənin vurulması ciddi siyasi qalmaqala yol açıb. Səkkiz il sonra Bolqarıstan İsrailə 195 min dollar (indiki kursla 1.5 milyon dollar) miqdarında kompensasiya ödəməyə razılaşıb.
21 fevral 1973-cü ildə Tripolidən Qahirəyə uçan "Libyan Arab Airlines"a məxsus "Boeing 727" Sinay yarımadasının üzərində İsrail hərbi təyyarələri tərəfindən vurulub. Ekipaj heyəti və 108 sərnişin həlak olub, beş nəfər sağ qalıb. İsrail hərəkətini onunla izah edib ki, mülki və hərbi təyyarələrin pilotları bir-birilərini anlamayıblar. Liviya təyyarəsi o zaman yanlışlıqla İsrailin ilhaq etdiyi Sinay üzərindən uçub, qum fırtınası şəraitində anlaşılmazlıq yaranıb. İsrailin bu hərəkətini BMT-nin strukturuna daxil olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı pisləyib, ancaq ABŞ veto hüququndan istifadə etdiyinə görə, Təhlükəsizlik Şurası Təl-Əvivə qarşı sanksiya qəbul edə bilməyib. Sonralar günahını boynuna alan İsrail həlak olanlara kompensasiya vermək istəyib, ancaq Liviya bununla razılaşmayıb. Kompensasiyanın qəbulu Liviyanın İsraili tanıması anlamına gələ bilərdi.
Fransa da sərnişin təyyarələrini vurur
1978-ci ildə Parisdən Seula uçan "Korean Air Lines"a məxsus təyyarə şimal qütbündə istiqamətini azaraq ovaxtkı SSRİ səmasına keçib. Dərhal onu bir neçə sovet qırıcısı izləyib və onlardan birinin açdığı atəş nəticəsində Koreyaya məxsus mülki təyyarə Kareliya ərazisində buz bağlamış gölə eniş edib. İki nəfər ölüb, 13 nəfər yaralanıb. Sovetlər nəinki günahlarını etiraf ediblər, hətta Koreya tərəfinə yaralı sərnişinlərə tibbi köməyə görə 10 min dollar məbləğində hesab da təqdim ediblər. Təyyarənin kapitanı və şturmanı günahlarını boyunlarına alandan sonra əfv olunublar.
1980-ci ilin 27 iyununda İtaliyanın "Aerolinee Itavia" şirkətinə məxsus "McDonnell Douglas DC-9" təyyarəsinin qəzaya uğraması nəticəsində 81 nəfər həlak olub. Hadisənin baş verdiyi vaxtda Liviya ilə NATO qüvvələri arasında döyüşlər getdiyindən ehtimal edilir ki, "Ustika üzərində qətliam"ın səbəbi hərbi əməliyyatlardır. Ancaq 2008-ci ildə məsələ yenidən aktuallaşdıqda 1980-ci ildə İtaliyanın baş naziri olmuş Françesko Kossiqa sərnişin təyyarəsinin Fransanın qırıcıları tərəfindən vurulduğunu bildirib. 2011-ci ildə Palermo məhkəməsinin qəbul etdiyi qərara əsasən, İtaliya Fransadan 100 milyon avro kompensasiya tələb edib.
Gecikmiş etiraf
1983-cü ildə Nyu-Yorkdan Seula uçan daha bir Koreya təyyarəsi marşrutdan kənara çıxaraq SSRİ ərazisinə daxil olub və sovet qırıcıları tərəfindən vurulub. 269 sərnişin və ekipaj üzvləri həlak olublar. Təyyarədə olan 16 ölkənin vətəndaşlarının qohumları SSRİ-yə qarşı məhkəmələrə müraciət etsələr də, Moskva günahını boynuna almayıb. Yalnız ittifaq dağılandan sonra - 1992-ci ildə Rusiyanın ovaxtkı prezidenti Boris Yeltsin təyyarənin vurulması barədə günahı etiraf edib.
İranla ABŞ arasındakı münasibətlərin gərgin dövründə - 1988-ci ildə baş vermiş bir təyyarə qəzası ziddiyətlərin lap sərtləşməsinə səbəb olsa da, sonda Vaşinqton həlak olanların ailələrinə kompensasiya ödəmək qərarı qəbul edib. Belə ki, İrana məxsus "Airbus 300" təyyarəsi Tehrandan Dubaya uçarkən Fars körfəzində ABŞ-yə məxsus "Vincennes" gəmisinin raket hücumuna məruz qalıb. 290 sərnişin və ekipaj həlak olub. Səkkiz il sonra Vaşinqton hər həlak olan şəxsə görə 300 min dollar (uşaqlara görə 150 min dollar; təyyarədə 66 azyaşlı olub) ödəməyə razılıq verib. Məsələ BMT TŞ-nin müzakirəsinə çıxarılsa da, böyük Buş - "faktlar nə deyir desin, ABŞ üzr istəmək niyyətində deyil", - söyləyib.
Elə həmin il Frankfurtdan London və Nyu-York üzərindən uçmaqla Detroyta gedən "Pan American World Airways"ə məxsus "Boeing 747" təyyarəsi Şotlandiya səmasında partlayıb. Üçillik araşdırmadan sonra günahkar bilinən Liviyanın xüsusi xidmət orqanlarının əməkdaşı Əbdulbəsit əl-Meqrahi və "Libyan Arab Airlines"ın təhlükəsizlik xidmətinin rəhbəri Əl Əmin Həlif Fimah üçüncü ölkədə mühakimə olunmaq üçün Niderlanda təhvil veriliblər. Birinci ömürlük həbs cəzası alsa da, yeddi ildən sonra əfv olunub. Bir qədər sonra isə Fimah da azadlığa çıxıb. 2003-cü ildə Qəddafi həlak olan hər bir şəxsin ailəsinə Liviya üzərindəki sanksiyaların ləğvi şərti ilə 10 milyon dollar ödəməyə razılığını bildirib. Liviya hökuməti toplam 2.7 milyard dollar kompensasiya ödəyib.
"İnsan səhvi"
Sərnişin təyyarələrinə hücumlar heç də həmişə bilərəkdən edilmir. Məsələn, 2001-ci ildə Təl-Əvivdən Novosibirskə uçan "Tu-154" təyyarəsi Qara dəniz üzərində Ukrayna tərəfindən buraxılmış raketə hədəf olub. 78 nəfərin həlak olduğu bu insident Ukrayna ərazisində keçirilən hərbi təlimlərlə eyni vaxta təsadüf edib. Kiyev ölənlərin ailələrinə 15 milyon dollar dəyərində kompensasiya ödəməyə razılıq verib, ancaq hər hansı hüquqi məsuliyyətdən boyun qaçırıb. Təyyarənin məxsus olduğu "Sibir" şirkəti Avropa Məhkəməsinə müraciət edəcəyini bildirsə də, sonda bu qərarından daşınıb.
Bu, təlimlər zamanı istifadə edilən silahın təsadüfən sərnişin təyyarəsinə tuş gəlməsinin yeganə halı deyil. 1962-ci ildə SSRİ-yə məxsus "104A" təyyarəsi Xabarovsk-İrkutsk-Omsk-Moskva marşrutu ilə uçarkən Krasnoyarsk vilayətində qəzaya uğrayıb. Göyərtədə olan 84 nəfərin hamısı ölüb. Moskva hadisəni nört-basdır etsə də, məlum olub ki, sərnişin layneri bu ərazidə dislokasiya olunan hərbi hissədən səhvən buraxılmış raketlə vurulub.
2014-cü ildə Ukraynanın şərqində gedən hərbi əməliyyatlar zamanı Amsterdamdan Kuala-Lumpura uçan və Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi hücuma məruz qalıb. 298 nəfər həlak olub. Ukrayna və Qərb hadisənin Rusiya tərəfindən "Buk" zenit-raket kompleksi ilə törədildiyini iddia etsələr də, o gündən bu yana Moskva hər hansı etirafda nəinki bulunmayıb, hətta təyyarəni Ukraynanın vurduğunu iddia edir. Rusiya tərəfi hesab edir ki, Ukrayna bunu sonra Moskvanın üstünə yıxsın deyə qəsdlə edib.
2020-ci ildə İraqdakı ABŞ hərbçilərinə raket zərbələri endirən İran cavab aksiyasından təlaşa düşərək səhvən Tehran aeroportundan qalxan Ukraynaya məxsus sərnişin laynerinə iki raket atəşi açıb. 176 nəfərin həlak olduğu hadisədə İran əvvəl günahı üzərindən atmağa çalışıb. Ancaq sonra baş verənləri "insan səhvi" kimi klassifikasiya edib. Günahkar hərbçilər bir ildən 13 ilədək müddətə həbsə məhkum ediliblər, həlak olanların ailələrinə kompensasiya ödənilib.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- İrəvan-Tehran reysi Təbriz hava limanında məcburi eniş edib
- "Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib
- Cənubi Koreyada təyyarə qəzasına faciəli amillərin toplusu səbəb olub
- Rusiya aviaşirkətinin daha bir təyyarəsi məcburi eniş edib
- IATA 30 gün ərzində AZAL-ın təyyarə qəzası ilə bağlı aralıq hesabatı gözləyir
Rəylər