Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısamənzilli ballistik raket atıb.
Oxu.Az "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 22-nə keçən gecə Çunxva bölgəsində baş verib. Qısamənzilli ballistik raketlər şimal-şərq istiqamətinə atılıb.
Buna cavab olaraq Cənubi Koreya ordusu raketlə bağlı vəziyyətin monitorinqini gücləndirib, ABŞ və Yaponiya ilə əməliyyat məlumatlarını mübadilə edərək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Yada salaq ki, oktyabrın 11-də Şimali Koreya hazırlıq mərhələsində olan yeni qitələrarası ballistik raketi - "Hvasonq-20"ni nümayiş etdirib.