Tailandın cənubunda fəaliyyət göstərən yaraqlıların mülki infrastruktura etdiyi 30-dan çox hücum nəticəsində iki nəfər xəsarət alıb.
Oxu.Az bu barədə "Thai PBS" telekanalına istinadən xəbər verir.
Hücumlar avqustun 22-si gecə saatlarında Narathivat, Pattani və Yala əyalətlərində baş verib. Naməlum şəxslər kommunal xidmətlərə məxsus avtomobilləri yandırıb, mobil rabitə qüllələrinə zərər vurub, eləcə də inzibati binalara və dükanlara hücum ediblər. Partlayıcı qurğunun işə düşməsi nəticəsində iki qadın qəlpə yarası alıb.
Hərbçilər və polis yüksək hazırlıq rejiminə keçirilib, yollarda və mühüm obyektlərdə patrul nəzarəti gücləndirilib. Hakimiyyət orqanları yerli sakinləri evdə qalmağa, şübhəli şəxslər və əşyalar barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, Tailandın cənubundakı silahlı münaqişə 70 ildən çoxdur davam edir. Silahlı birləşmələr, xüsusilə, 2004-cü ildən aktivləşiblər. Onlar Narathivat, Pattani və Yala əyalətlərinin ərazisinin ölkədən ayrılmasına və müstəqil sultanlığın yaradılmasına çalışırlar. Münaqişə kəskinləşəndən bəri regionda 7 000-dən çox insan həlak olub, 13 000-dən çox nəfər xəsarət alıb.