Tərəvəz çipsləri təzə tərəvəzləri tam şəkildə əvəz edə bilməz.
Oxu.Az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov Lenta.ru nəşrinə müsahibəsində bildirib.
Həkim tərəvəz çipslərinin faydaları ilə bağlı fikirlərini bölüşüb.
"Tərəvəz çipslərinin əsas təhlükəsi odur ki, insan orijinal tərəvəzin xüsusiyyətlərini hazır qəlyanaltıya aid edir. Yerkökü və ya çuğundur öz-özlüyündə faydalıdır. Lakin qurudulduqdan, qızardıldıqdan, yağ və duz əlavə edildikdən sonra qarşımızda artıq tamamilə başqa bir məhsul dayanır. Tərəvəz çipslərini təzə tərəvəzlərin tam əvəzedicisi hesab etmək olmaz", - deyə Yevgeni Belousov vurğulayıb.
O izah edib ki, emal zamanı tərəvəzlərdən suyun böyük hissəsi çıxarılır və nəticədə onlar daha yüngül və konsentrasiyalı məhsula çevrilirlər.
"Bir neçə təzə tərəvəz fiziki olaraq kiçik bir ovuc çipsə çevrilə bilər. Eyni zamanda çips yemək orijinal məhsulun analoji miqdarını yeməkdən daha asandır. Nəticədə qəbul edilən kalorinin miqdarı da nəzərə çarpmadan arta bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Yevgeni Belousov hazırlama texnologiyasına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, adi qurutma zamanı istiliyə həssas vitaminlərin bir hissəsi həqiqətən itə bilər. Bununla belə, bəzi digər maddələr kifayət qədər yaxşı qorunub saxlanılır.
İntensiv qızdırılma zamanı, xüsusilə qızartma prosesində, nişastalı məhsullarda akrilamid əmələ gələ bilər. Həkim izah edib ki, bu birləşmə qida təhlükəsizliyi baxımından potensial risk yaradır.