Albaniyanın paytaxtı Tiranada tələbələrin keçirdiyi etiraz aksiyaları zamanı yaranan iğtişaşlarda 51 polis əməkdaşı xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ora news" portalı ölkənin daxili işlər naziri Ervin Demoya istinadən məlumat yayıb.
Nazirin açıqlamasına əsasən, xəsarət alan bəzi asayiş keşikçiləri hərbi hospitala yerləşdiriliblər, onlara lazımi tibbi yardım göstərilir.
Albaniyanın paytaxtı Tiranada etiraz aksiyası keçirənlər Baş nazir Edi Ramaya oktyabrın 15-i saat 13:00-a (Bakı vaxtı ilə 15:00 - red.) qədər istefa verməsi üçün ultimatum irəli sürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə CNA portalı etirazçıların bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Tiranadakı iğtişaşlar nəticəsində 29 nəfər xəsarət alıb və hazırda onlara tibbi yardım göstərilir. Müalicə alanlar arasında 23 polis əməkdaşı, 5 nümayişçi və bir yoldan ötən şəxs var.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşlarda iştirak etdiklərinə görə 35 nəfəri saxlayıblar.
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən aksiyaların iştirakçıları dövlət qurumlarının binalarına hücum ediblər.
Oxu.Az bu barədə CNA portalına istinadən xəbər verir.
Məlumata əsasən, nümayişçilər Ədliyyə Nazirliyinin binasını yandırıblar, eləcə də parlamentin qapılarını sındıraraq içəri "Molotov kokteyli" atıblar.
Bununla yanaşı, Dövlət Arxivinə hücum olub, mərkəzi polis məntəqələrindən biri yandırılıb. Etirazçılar bir neçə qrupa bölünərək Tirananın mərkəzi küçələrinə səpələniblər.
Qeyd edək ki, Tiranada artıq 130 gündən çoxdur ki, Adriatik dənizi sahilində yerləşən Vyoza-Narta qoruq zonasında kurort tikintisi layihəsi səbəbindən hökumət əleyhinə mitinqlər davam edir. Aksiyaların iştirakçıları xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanuna edilən düzəlişlərin ləğv olunmasını və Baş nazir Edi Ramanın istefasını tələb edirlər.