Albaniyada kütləvi etiraz aksiyalarının iştirakçıları İqtisadiyyat Nazirliyinin binasına daxil olaraq xidməti otaqlarda dağıntılar törədiblər.
Oxu.Az "Albanian Daily News" xəbər portalına istinadən xəbər verir ki, etirazçılar daha sonra binadan mebel və texniki avadanlıqları çıxarmağa başlayıblar. İğtişaşlar zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) binasına da ciddi ziyan vurulub.
Tiranada kütləvi iğtişaşlar oktyabrın 13-də başlayıb. Hadisələr getdikcə kəskinləşir, etirazçılar dövlət qurumlarını hədəf alırlar.
Qeyd edək ki, Tiranada Adriatik dənizi sahilində yerləşən Vyoza-Narta qoruq zonasında kurort tikintisi layihəsinə görə 130 gündən çoxdur ki, hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Aksiya iştirakçıları xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanuna edilən düzəlişlərin ləğvini və Baş nazir Edi Ramanın istefasını tələb edirlər.