ABŞ Prezidenti Donald Tramp ölkəsinin və İran nümayəndələrinin iyunun 19-na planlaşdırılan görüşünün Vaşinqtonun deyil, məhz Tehranın günahı ucbatından ləğv olunduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında açıqlama yayıb.
"Görüşdən çarəsizlik içində geri çəkilən biz yox, İrandır. Onlar məğlub oldular", - deyə Ağ Ev lideri bildirib.
Bununla belə, Tramp ABŞ və İran arasındakı danışıqlar prosesinin 60 gün davam edəcəyi barədə razılaşmaya riayət etməyə hazır olduğunu vurğulayıb:
"Bu 60 günlük danışıqların necə keçəcəyini biz müəyyən edəcəyik. Onlara heç bir maliyyə, hətta 10 sent belə verilməyəcək".
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında görüşün iyunun 19-da Bürgenştoqda keçirilməsi gözlənilirdi. İlkin olaraq, mübahisəli məsələlərin gələcək tənzimlənməsinə dair memorandumun məhz orada imzalanması, eləcə də Amerika heyətinə vitse-prezident Cey Di Vensin, İran tərəfinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etməsi nəzərdə tutulurdu. Sonradan tərəflər iyunun 18-də memorandumu onlayn şəkildə imzaladıqlarını və sənədin ertəsi gün İsveçrədə kağız üzərində rəsmiləşdiriləcəyini bəyan etdilər. Daha sonra kağız formatında imzadan imtina olunduğu və iyunun 19-da nümayəndə heyətlərinin İsveçrədə birbaşa əsas danışıqlara başlayacağı barədə məlumat yayıldı. Lakin son nəticədə həmin görüş də ləğv edildi.