ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə həmin ölkənin hesabına sədd ucaltmaq fikrindən imtina etmək qərarına gəlib.
Oxu.Az bu barədə CNN-ə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, respublikaçı Konqressə layihənin Amerika büdcəsi hesabına maliyyələşdirilməsinə dair müraciət etmək niyyətindədir.
“Politico” qeyd edir ki, Trampın administrasiyası 2006-cı ildə ABŞ prezidenti Corc Buş tərəfindən imzalanmış qanundan istifadə etmək fikrindədir. Qanun Meksika ilə sərhəddə 700 mil uzunluqda olan müdafiə səddinin tikilməsi haqqındadır. Qeyd edilir ki, layihə həyata keçirilməyib.
Dekabrın 13-də Mexikonun arxiyepiskopu Norberto Rivera Qvadelupalı Müqəddəs Məryəmdən Donald Trapmın mühacirlərə qarşı münasibətinin yumşalmasını istəyib. Kardinal Müqəddəs Məryəmdən “onun sərt ürəyinə toxunmağı” istəyib ki, Tramp meksikalılarda qardaşlarını görüb, onlara qarşı daha mülayim davransın.
Respublikaçı yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Buna qədər isə o, ABŞ-da qanunsuz yaşayan 11 milyon insanı deportasiya edəcəyini bildirmiş və Meksika ilə ABŞ arasında sədd ucaldılacağını vəd etmişdi.
N.O.
www.oxu.az