ABŞ Prezidenti Donald Tramp uçan naməlum obyektlər (UNO) və naməlum anomal hadisələrlə bağlı araşdırmalarda iştirak etmiş keçmiş dövlət qulluqçuları və podratçılarla imzalanmış məxfilik razılaşmalarının ləğv edilməsi barədə göstəriş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
"Prezident Tramp bu yaxınlarda Hərb Nazirliyinə və kəşfiyyat qurumlarına göstəriş verib ki, naməlum anomal hadisələrlə bağlı açıqlana biləcək məlumatlara malik keçmiş dövlət qulluqçuları və podratçılar hökumətin səlahiyyətli nümayəndələri ilə görüşə bilsinlər və onların məxfilik razılaşmaları ləğv olunsun", - deyə ABŞ administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsi bildirib.
Digər amerikalı rəsminin sözlərinə görə, bu addım sənədlərin tam məxfilikdən çıxarılması barədə fərman demək deyil. O qeyd edib ki, sözügedən şəxslər malik olduqları məlumatları yalnız hökumət kanalları vasitəsilə açıqlaya biləcəklər.
Xatırladaq ki, Tramp bu ilin fevralında ABŞ hökumətinin ehtimal olunan yerdənkənar həyat formaları və naməlum uçan obyektlərlə bağlı sənədləri dərc etməyə başlayacağını vəd etmişdi. O bildirmişdi ki, hərb naziri Pit Heqsetə və aidiyyəti qurumlara "ehtimal olunan yerdənkənar həyat, naməlum anomal hadisələr, naməlum uçan obyektlər və bu mövzu ilə bağlı digər hökumət sənədlərinin müəyyən edilərək ictimaiyyətə açıqlanması prosesinə başlanılması" barədə tapşırıq verəcək.