Türkiyənin Eskişehir şəhərinin Esentepe məhəlləsində yerləşən TUSAŞ Mühərrik Sənayesi A.Ş. (TEI) müəssisəsində hələlik müəyyən edilməmiş bir səbəbdən yanğın baş verib.
Oxu.Az IHA agentliyinə istinadən xəbər verir ki, əraziyə çoxsaylı yanğınsöndürmə və tibbi qruplar göndərilib.
Yanğının nəzarət altına alınması üçün intensiv səylər davam edir. Mülki qruplarla yanaşı, Hərbi Hava Qüvvələri Komandanlığının iki hərbi yanğınsöndürmə qrupu da yanğının söndürülməsi əməliyyatına kömək edir.
Təhlükəsizlik tədbiri olaraq fabrikdə çalışan işçilər təxliyə ediliblər. Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Lakin ilkin məlumata görə, yanğın müəssisədəki enerji mənbəyində baş verən partlayış və sonradan tezalışan materialların alovlanması nəticəsində güclənib.
1985-ci ildə qurulan TUSAŞ Mühərrik Sənayesi A.Ş. Türkiyənin aviasiya mühərriki ehtiyaclarını ödəyən mühüm müdafiə sənayesi şirkətidir. Dünya səviyyəli dizayn mərkəzi olan TEI milli helikopter və təyyarə mühərriklərinin inkişafında əsas rol oynayır.