Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Trampın dərhal terrorçu elan etdiyi təşkilat : "MS-13"
Qan Turalı yazır...
Donald Tramp inaqurasiya mərasimindən sonra vəd etdiyi fərmanları ildırım sürəti ilə imzalamağa başladı. Bu fərmanlar, onların nəticələri əlbəttə ki, geniş müzakirə ediləcək. Çünki bu fərmanlar təkcə ABŞ-nin yox, ümumilikdə dünyanın taleyini müəyyənləşdirəcək, ya da müxtəlif formada təsir göstərəcək.
Bu fərmanların biri də iki təşkilatın terror təşkilatı kimi tanınmasıdır. Söhbət El-Salvadorun "MS-13", Venesuelanın "Tren de Aragua" təşkilatlarından gedir. Tramp hələ ötən prezidentliyi dövründə Konqresin hər iki palatasının nümayəndələri qarşısında "MS-13"ü düşmən elan etmiş, bununla da xalqın və dövlətin təhlükəsizliyini təhdid edən faktorlar siyahısına cinayətkar dəstələr, banditizm də əlavə olunmuşdu. Bu siyahıda ayrı-ayrı terror təşkilatları və bəzi dövlətlər də mövcuddur.
"MS-13" isə dünyanın ən qəddar və ən amansız terror təşkilatlarından biri bəlkə də birincisidir. Təşkilat El-Salvador mənşəlidir və 1980-ci ildə Los-Ancelesdə salvadorluları digər bandit qruplarına qarşı qorumaq məqsədi ilə qurulub. Onun əsasını El-Salvadordakı vətəndaş müharibəsindən qaçıb ABŞ-də sığınacaq tapan miqrantlar təşkil edirdi. 1990-cı illərdə ABŞ prezidenti Bill Klinton minlərlə cinayət törətmiş miqrantı El-Salvador, Honduras və Qvatemalaya göndərdi. Ancaq bunun bir xeyri olmadı, üzvlərin bir hissəsi geri qayıtdı, digər hissəsi isə o ölkələrdə qalaraq beynəlxalq şəbəkənin yaranmasına töhfə verdilər.
2018-ci ildə Trampın ehtirasla başladığı təhlükəsizlik tədbirləri heç bir nəticə vermədi. "MS-13"ü zərərsizləşdirmək mümkün olmadı, əksinə "MS-13" bəzi ərazilərə tamamilə nəzarət etməyə başladı. Tramp günahı miqrantlar haqqında qanunda görürdü, onun fikrincə miqrasiya qanunlarındakı boşluqlar təşkilat üzvlərinə ABŞ-yə gəlmək və burda cinayət əməlləri törətmək imkanı verirdi.
Lakin Trampın heç bir əhəmiyyətli uğur qazana bilmədiyi mübarizə yenidən alovlanacaq. İndi "MS-13"lə mübarizə terrorla mübarizə adı altında aparılacaq. Ancaq bu heç də asan deyildir. Bu dəstənin üzvlərinin sayı 10 mindən artıqdır. Dəstə ABŞ-nin 42 ştatından o cümlədən Los-Anceles, San-Fransisko, Hyuston, Nyu-York, Boston şəhərlərində və paytaxt Vaşinqtonda fəaliyyət göstərir. Onminlərlə insanın üzv olmasa belə, dəstə ilə əlaqəli olduğu bildirilir. İndiyə qədər dəstənin 1500 üzvü törətdiyi cinayətlərə görə məhkum edilib. Minlərlə dəstə üzvünün mühakiməsi davam etdirilir.
"MS-13" demək olar ki, bütün cinayətlərlə məşğuldur, narkobiznes, adam oğurluğu, sui-qəsdlər, silah qaçaqmalçılığı... Uşaqları və qadınları öldürmək də "MS-13" üçün tabu deyil. Onlar öz məqsədlərinə yetmək üçün bütün vasitələri məqbul hesab edirlər. "MS-13"ün qəddarlığı və amansızlığı uzun illərdir cinayətkar dəstələrlə mübarizə aparan polis əməkdaşlarını da heyrətə salır.
Göründüyü kimi, Trampın terror təşkilatı elan etdiyi "MS-13" son dərəcə böyük bir təşkilatdır. Onunla mübarizə heç bir halda asan deyildir. Trampın prezidentliyinin ilk günü təşkilatla bağlı fərmana imza atması, prezidentin bu təşkilatla mübarizəyə nə qədər böyük əhəmiyyət verdiyini ortaya qoyur.
Ancaq bu mübarizədə ABŞ yalqız deyildir. El-Salvador hökuməti də təşkilatla aktiv mübarizə aparır. Təşkilatın vəfat etmiş üzvlərinin qəbir yerlərinin dağıdılması da mübarizə tədbirlərindən biri kimi çıxış edir. Çünki bu qəbir yerləri təşkilat üzvləri üçün müqəddəs bir məbəd funksiyasını yerinə yetirir. Hökumət məzardağıtma tədbirlərini medianın iştirakı ilə aparır və videolar sosial şəbəkələrə də yerləşdirilir.
Rəylər