Ukrayna hərbçiləri Rusiyanın Saratov şəhərində yerləşən neft emalı zavoduna (NEZ) və "Engels" hərbi aerodromuna zərbələr endiriblər.
Oxu.Az UNN agentliyinə istinadən xəbər verir ki, bu obyektlərə endirilən zərbələri Ukrayna Prezidenti Volodimir Zelenski təsdiqləyib.
Zelenski bildirib ki, Ukrayna Rusiyanın müharibə aparmasına dəstək verən və təcavüzü maliyyələşdirən obyektlərə qarşı uzaqmənzilli zərbələri davam etdirir.
"Müharibə üçün çalışan və təcavüzü maliyyələşdirən Rusiya obyektlərinə qarşı uzaqmənzilli zərbələrimizi davam etdiririk. Bu gecə cəbhə xəttindən 600 kilometrdən çox uzaqlıqda yerləşən Rusiyanın Saratov şəhərində eyni vaxtda iki strateji obyekt - Saratov Neft Emalı Zavodu və "Engels" hərbi aerodromu vurulub", - deyə Ukrayna prezidenti qeyd edib.
Prezidentin sözlərinə görə, Kaluqa vilayətində yerləşən "Lyudinovskaya" neft bazasının çən parkına da zərbə endirilib.
Bundan başqa, Bryansk vilayətində zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqə də dəqiq zərbələrlə vurulub.