Ukraynanın Xarkov vilayətində polis 13 yaşlı qızı 10 min dollara satmağa cəhd etməkdə şübhəli bilinən müəllimi həbs edib. Qız çətin tərbiyə edilən yeniyetmələr üçün xüsusi internatda yaşayırdı.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu hadisə barədə 52 yaşlı müəllimin və 13 yaşlı qızın şəklini paylaşaraq Ukrayna DİN rəhbəri Arsen Avakov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, əməliyyat dörd ay davam edib. Avakovun sözlərinə görə, “alıcı” qadına qızı məhz orqanlarını götürmək üçün almaq istədiyini başa salıb.
“Alıcı” qızın səhhəti ilə maraqlanıb, həmçinin müəllimə qızın şəkili və tibbi kartı üçün 1000 qriven (40 dollara yaxın) pul verib, Arsen Avakov bildirib.
KİV-in məlumatına görə, adı Qalina Kovalenko olan müəllim 20 il iş təcrübəsi olan ukrayna və rus dili və ədəbiyyatını tədris edir.
Seqodnya.ua-nın məlumatına görə, qadının əri Leonid Kovalenko arvadı ilə vəkilin iştirakı ilə danışa bilib, qadın ərinə tora düşdüyünü deyib.
L.Kovalenko bildirib ki, arvadı ona şübhəli telefon danışıqları, mümkün cinayət haqqında heç nə danışmayıb.
“O, deyirdi ki, internatda olan kimsəsiz uşaqları italyanlar övladlığa götürür. Tək eşitdiyim budur”, - kişi bildirib.
“Qalina Kovalenko bir il ərzində 13 yaşlı qızın satışı üçün öz “biznes plan”ını hazırlayıb. O, uşağı uğursuz bir ailədən öz internatına götürüb və daha sonra müştəri axtarıb”, - Avakov yazıb.
Qadın uşağı müştəriyə satıb, pulu alan zaman həbs edilib.
Günahı sübut olunacağı təqdirdə onu 12 ilədək həbs cəzası gözləyir.
N.O.
www.oxu.az