Noyabrın 19-da Ali Rada Svetlana Qrinçuku Ukraynanın energetika naziri vəzifəsindən azad edib.
Bu barədə Oxu.Az "UNIAN" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, deputatlar 315 səslə nazirin istefasını dəstəkləyiblər.
Xatırladaq ki, Svetlana Qrinçuk noyabrın 12-də enerji sektorundakı korrupsiya qalmaqalı fonunda istefa ərizəsi yazıb. O bəyan edib ki, peşəkar fəaliyyətində heç bir qanun pozuntusu olmayıb.
Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) enerji sektorundakı korrupsiyanın ifşa edilməsi üçün genişmiqyaslı əməliyyat keçiriblər. NABU-nun məlumatına görə, cinayətkar təşkilatın üzvləri strateji dövlət sektoru müəssisələrinə, xüsusən də "Energoatom" Milli Nüvə Enerjisi İstehsalı Şirkəti SC-yə təsir göstərmək üçün genişmiqyaslı korrupsiya sxemi qurublar.
Bu sxemin təşkilində iş adamı Timur Mindiç (ləqəbi "Karlson"), ədliyyə naziri və keçmiş energetika naziri Qerman Qaluşenko, "Energoatom"un fiziki mühafizə və təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov ("Tenor"), keçmiş energetika naziri Qaluşenkonun keçmiş müşaviri İqor Mironyuk ("Raket"), eləcə də baş nazirin keçmiş müavini Oleksiy Çernışov və onun arvadı - "Mindiç lentləri"ndə adı hallanan "Professor" ləqəbli Svetlana.
14 noyabrda Ukrayna Prezidenti Volodimir Zelenski enerji sektorunda kütləvi korrupsiya hallarının aşkarlanması fonunda energetika naziri Svetlana Qrinçuku və ədliyyə naziri Qerman Qaluşenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibindən çıxarmaq qərarına gəlib. Elə həmin gün Ali Radanın energetika, mənzil və kommunal xidmətlər komitəsi Ali Radaya Qrinçuku nazir vəzifəsindən azad etməyi tövsiyə edib.
Energetika naziri vəzifəsinə əsas namizədlər parlamentin enerji və mənzil-kommunal xidmətlər komitəsinin rəhbəri, "Xalqın qulluqçusu" fraksiyasının üzvü Andrey Qerus və onun fraksiya həmkarı Andrey Jupanindir.
Ali Rada Ukraynanın ədliyyə naziri Qerman Qaluşenkonu vəzifəsindən azad edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Strana.ua" "Telegram" kanalında məlumat verilib.
"Rada ədliyyə naziri Qaluşenkonu vəzifəsindən azad edib - 323 səs məsələnin "lehinə" olub", - deyə nəşr bildirib.
Həmçinin qeyd edilib ki, deputatlardan heç biri "əleyhinə" səs verməyib və ya "bitərəf" qalmayıb.
Ukraynanın ədliyyə naziri vəzifəsi səlahiyyətlərinin icrası müvəqqəti olaraq Avropa İnteqrasiyası üzrə ədliyyə nazirinin müavini Lyudmila Suqakın üzərinə qoyulub.