Venesuelada baş verən zəlzələdən sonra Karakas və ölkənin digər bölgələrinin sakinləri üfüqdə qeyri-adi mənzərənin şahidi olublar.
Oxu.Az xəbər verir ki, bu barədə iyulun 1-də VTV telekanalı məlumat yayıb.
Təqdim olunan materialda bildirilir:
"Yeraltı təkanlardan sonra səmada yaranan qırmızı rəng havada hissəciklərin kəskin artması nəticəsində baş verən və elmdə Reyli səpələnməsi adlandırılan optik və meteoroloji prosesdir".
Məlumata əsasən, seysmik hərəkətlilik nəticəsində atmosferə çoxlu sayda xırda süxur, qum və toz dənəcikləri yayılıb. Bu zərrəciklər günəş şüalarının sınmasına təsir göstərərək, üfüqün narıncı və qırmızı tonlarda görünməsinə səbəb olub.
Bildirilir ki, şiddətli küləklər və ya Saxara səhrasından gələn toz kütlələri atmosferdə olduqda bu təsir daha da qabarıq şəkil alır. Çox vaxt insanlar səmanın bu cür qeyri-adi rəng almasını yeni bir fəlakətin xəbərçisi kimi yanlış anlasalar da, əslində hadisə tamamilə atmosferdəki fiziki qanunauyğunluqlarla izah edilir.
Yüksək kvars tərkibli süxurların çatlaması və sürtünməsi zamanı yaranan nadir geofiziki hadisə olan "zəlzələ işıqları"nın da mövcudluğunu xatırladıb. Məlumatda qeyd edilir ki, bu işıq parıltılarının başqa mənşəyi var və atmosferdə işığın səpilməsi ilə bağlı deyil, lakin onlar da səmaya qırmızı rəng verə bilər.
Qeyd edək ki, Venesuelada zəlzələ iyunun 24-də axşam saatlarında baş verib. Son məlumatlara görə ölənlərin sayı 1 943 nəfərə çatıb.