Yəməndə "Ənsar Allah" hərəkatından olan husi qiyamçılarının Moxa limanına endirdiyi raket zərbəsi nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub, daha səkkiz nəfər isə yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Məcid ən-Nuzeyli bildirib.
"Cümə günü axşam (14 avqust - red.) husilər Moxa limanına altı balistik raketlə hücum ediblər. İlkin məlumatlara əsasən, hücum nəticəsində limanın təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb, iki dənizçi itkin düşüb, səkkiz mülki şəxs yaralanıb", - deyə Məcid ən-Nuzeyli açıqlayıb.
O həmçinin vurğulayıb ki, ordu bu hücumu cəzasız qoymayacaq və buna sərt çəkindirici cavab verəcək.
Avqustun 14-də Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı husilərin Qırmızı dəniz sahilindəki Moxa limanına kütləvi zərbə endirdiyini və obyektin ərazisində yanğın başladığını xəbər verib. Qiyamçılar ölkənin qərb sahilindəki limana və mülki obyektlərə hücum etmək üçün raketlər, pilotsuz uçuş aparatları və qayıqlardan istifadə ediblər.
Telekanalın məlumatına görə, hökumət qüvvələri buraxılmış 44 drondan 15-ni zərərsizləşdirə bilib. Bundan əlavə, husilər Bab əl-Məndəb boğazı yaxınlığında altı minalanmış qayıqla neft tankerinə hücum etməyə cəhd göstəriblər ki, onlardan da üçünün qarşısı alınıb.
Daha sonra qiyamçıların hərbi nümayəndəsi Yəhya Saria husilərin Moxa şəhəri yaxınlığında Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə balistik raketlərlə zərbə endirdiyini iddia edib.