Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zatulinin əməli Azərbaycan və Rusiya arasındakı müttəfiqliyə zərbə cəhdidir
Konstantin Zatulinin Qarabağ separatçılarına təbrik ünvanlaması Rusiya Prezidenti Vladimir Putininin Azərbaycana son dövlət səfərində də əhəmiyyətini vurğuladığı iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə zərbə cəhdidir.
Bunu "Report"a 49 saylı Abşeron İkinci Seçki Dairəsindən deputatlığa lider namizəd, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev rus siyasətçi Konstantin Zatulinin qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlamasından danışarkən deyib.
Onun sözlərinə görə, Zatulin növbəti cəfəng müraciəti ilə gündəmə gəlməyə cəhd göstərib:
"Belə olmasaydı, o, terrorizmi dəstəkləməkdə, insanlığa qarşı cinayətdə və digər qeyri-qanuni əməllərə görə cavab verməli olan, Ermənistanın belə arxa çevirdiyi rejimin məlun nümayəndələrinə təbrik müraciəti ilə çıxış etməzdi. Zatulinin öz aləmində, tarixin zibil qutusuna atılmış bir rejimin reanimasiyasına xidmət edə biləcək siyasi addım kimi düşündüyü bu əməl reallıqda uğursuz, çox uğursuz addımdır. Daha çox xəyalpərəst romantikin gecikmiş etirafı təsiri bağışlayır. Başqa cür "Vahid Rusiya" Partiyasının üzvü olan şəxsin sentyabr 2-də belə mənasız və yersiz müraciətlə çıxış etməsini necə şərh etmək olar?"
R.Nəbiyev vurğulayıb ki, rusiyalı siyasətçinin istinad etdiyi "2020-2023-cü il hadisələri", 30 illik separatizmə, işğala, terrorizmə və insanların iztirabına son qoymuş Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları kimi tarixə düşüb:
"Məhz bunun sayəsində regionda yeni geosiyasi reallıqlar yaranıb, sülh, sabitlik və təhlükəsizliyin təmini üçün real şərait yetişib. Zatulinə ünvanlayaraq bildirmək istəyirəm ki, hazırkı aktual hadisələr fonunda Qafqaz regionundakı regional əməkdaşlığa zərər yetirə biləcək əməllərdən birdəfəlik əl çəkmək lazımdır".
Azərbaycan dövlətinin öz resursları ilə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş və illərdir pozulmuş prinsiplərini bərpa etdiyini xatırladan siyasətçi düşünür ki, rəsmi Bakı bununla prinsiplərə əməl olunmasının məcburiliyini təmin etdi:
"Bu gün real siyasətdə yer tutmaq istəyən şəxslər bunun əhəmiyyətini vurğulamalı, yenidən insanların iztirabına, qan axıdılmasına səbəb ola biləcək, münaqişə yaratmağa hesablanmış cəfəng xəyallar ardınca qaçmamalıdırlar".
Rəylər