Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyalı deputat öz ölkəsinə necə xəyanət etdi? - Zatulin təxribatının pərdəarxası
Dəfələrlə erməni lobbisinin diqtəsi ilə Azərbaycan əleyhinə qərəzli və təxribat xarakterli bəyanatlar verən Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Azərbaycan əleyhinə növbəti sərsəm bəyanatla çıxış edib. Azərbaycana və ümumiyyətlə MDB ölkələrinə münasibətdə, Dumanın keçmiş deputatı Vladimir Jirinovskidən heç bir halda geri qalmayan Zatulin, bir zamanlar Azərbaycanın ərazisində fəaliyyət göstərən və artıq tarixin tozlu səhifələrinə qovuşan keçmiş qondarma rejimin mövcud olmayan "müstəqillik" gününü təbrik edib, Bakıda istintaq təcridxanalarında layiqli cəzalarını gözləyən Qarabağ separatçılarına dəstəyini nümayiş etdirib.
Əslində, Zatulini nə Qarabağ, nə də oradakı separatçılar maraqlandırır. Onun əsl məqsədi, boynuna xalta keçirən sahiblərinin əmri ilə Azərbaycana qarşı separatçılığı körükləmək və 2022-ci ildən etibarən strateji müttəfiqlik mərhələsinə qədəm qoyan Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Məsələnin ən absurd tərəfi isə budur ki, Zatulin Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqələr üzrə komitəsinin sədr müavini kimi vəzifəsi MDB ölkələri ilə Rusiya arasında münasibətləri tənzimləmək olsa da, bunun tam əksi olaraq birliyə üzv olan ölkələrin ərazi bütövlüyü və suverenliyi əleyhinə təxribatçı fikirlər səsləndirir. Hətta buna görə bir neçə ölkədə "arzuolunmaz şəxs" elan edilib. Belə ki, Zatulin 2006-cı ildə Ukraynada, 2010-cu ildə Azərbaycanda, 2022-ci ildə Qazaxıstanda, hətta 2023-cü ildə maraqlarını müdafiə etdiyi Ermənistanda "persona non grata" elan edilib. Əbəs deyil ki, Zatulin bunu o zaman özünə təhqir hesab etmişdi. Amma nə fayda? Mənfur Konstantin o qədər həyasızlaşıb ki, özünü təhqir olunmuş saydığı Ermənistanı və erməniləri mənfəət üçün hər vəchlə müdafiə etməkdən əl çəkmir və öz dövlətinin siyasətinə xəyanət edir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi İlqar Vəlizadə də hesab edir ki, Zatulin Rusiya Dövlət Dumasında MDB daxili proseslərdən məsul şəxs olsa da, bu prosesləri yaxından izləmir:
"Hər halda Zatulin Azərbaycan-Rusiya münasibətlərinin dinamikasına nəzər salsaydı, bu cür sərsəm bəyanatlarla çıxış etməzdi. Zatulin öz vəzifəsi olan MDB ölkələri ilə Rusiya arasındakı əlaqələri tənzimləmək və mövcud siyasi-hüquqi bazaya əsaslanaraq bu münasibətləri möhkəmləndirmək əvəzinə, bunun əksinə çıxış etməklə nəinki öz vəzifəsindən xəbərsiz olduğunu nümayiş etdirir, eyni zamanda Rusiyanın ictimai rəyini çaşdırır".
"Konstantin Zatulin, bəyanatları ilə həm Rusiyanın imicini zədələyir, həm də Moskvanın MDB ölkələri ilə münasibətlərinə xələl gətirir. Bu baxımdan, belə şəxslər Rusiya ictimai rəyinə təsir göstərdikcə, rəsmi Moskvanın imici daha da zədələnəcək" , - deyə ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri tənzimləyən kifayət qədər sənəd olsa da, Zatulin və onun kimilər bu sənədləri gözardı edirlər:
"Bu sənədlərdən ən vacibi, təbii ki, 2022-ci ilin 22 fevralında imzalanan Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsidir. Bu saziş Rusiya-Azərbaycan münasibətlərini əhatə edən əsas sənəddir. Həmin Bəyannamədə konkret olaraq göstərilib ki, Rusiya və Azərbaycan, öz ərazilərində fəaliyyət göstərən təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönələn fəaliyyətinin qarşısını qətiyyətlə alır, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə səylərini birləşdirirlər. Ona görə də Zatulin həm də bu məsələlərdə məsuliyyət daşıyır".
Mərahim Nəsib
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
- Filipp Kirkorov axtarışa verildi