Havaların isti keçməsi bazarda kondisionerlərə olan tələbatı artırıb. Hətta bölgələrdə kondisioner almaq üçün istehlakçıların növbəsi yaranıb.
Belə ki, yayın istisindən xilas olub, evini sərinləşdirmək istəyənlər azı 10 gün əvvəl kondisioner növbəsinə yazılmalıdır. Bu zaman istehlakçıya istədiyi deyil, alverçinin təklif etdiyi marka satılır.
Tələbatın yüksəlməsi qiymətlərin artmasına gətirib-çıxarıb. Məsələn, 100 kvadratmetrlik sahəni soyudan kondisionerlər az qala “jiquli” qiymətinədir.
3400 manata kondisioner
Qiymətlərlə tanış olmaq üçün əvvəlcə ölkənin ən böyük məişət texnikalarının satışını aparan mağazalar şəbəkələrinə müraciət etdik.
“Baku Electronics”dən bildirdilər ki, hazırda onlarda 100 kvadratmetrlik sahəyə hesablanmış kondisionerlərdən LG markası qalıb. Bu kondisionerlərin nağd satışı 2899 manatdır.
“Kontakt Home” mağazalar şəbəkəsindən qeyd edildi ki, az kvadratmetrlik sahəyə hesablanan kondisionerlərin dəyəri 459 manatdan başlayır. 100 kvadratmetrlik sahə üçün nəzərdə tutulan kondisionerlərdən ancaq LG və “HOFFMANN” markasına aid kondinsionerlər var.
LG kondisionerlərinin nağd satışı 3200-2899 manat, “HOFFMANN” kondisionerləri 1200-1800 manat təşkil edir. Bu mallar kreditlə 200 manat baha başa gəlir.
“MG Store” mağazalar şəbəkəsindən deyildi ki, əsasən, “MITSUBISHI” markasına aid kondisionerlər təklif edirlər. Bu kondisionerlərin satış dəyərinə gəlincə, 30 kvadratmetrlik sahəni soyudan “MITSUBISHI” kondisionerləri 1899 manata, 100 kvadratmetrlik sahə üçün kondisionerlər 3399 manatadır.
Müqayisə üçün bildirək ki, ötən il böyük sahələr üçün nəzərdə tutulan kondisionerlərin dəyəri 2500 manatdan yuxarı deyildi.
Ustalar qaz vurub, qazan doldurub
Temperaturun yüksəlməsi kondisioner satıcıları kimi, ustaların da yaxmacına yağ çəkib. Belə ki, bu məişət texnikasının təmiri və quraşdırılması istər paytaxtda, istərsə də bölgələrdə ən rentabelli peşəyə çevrilib.
Bərdə rayonundan olan kondisioner ustası deyir ki, bu yay rayonda kondisioner alanların sayı artıb. Hətta o qədər sifariş alıb ki, evinə gecə saat 02:00-da gedə bilir. Kondisionerin quraşdırılması üçün əməyinin haqqı isə 40-50 manatdır:
“Bu yay daha çox avtomobillərə kondisioner quraşdırılması ilə bağlı sifariş almışam. Avtomobilin kondisionerlə təmin edilməsi 1500 manata başa gəlir. Yeri gəlmişkən, bu sahədə qiymət bahalaşıb. Çünki 3 VAT-lıq kompressorun dəyəri 140 manatdan 230 manata qalxıb.
Səbəb də avtomobilinə kondisioner quraşdıranların sayının artması, bazarda bu texniki avadanlığa tələbin çoxalması nəticəsində yaranan qıtlıqdır”.
Paytaxtda kondisioner quraşdırılması və təmiri ilə məşğul olan Namiq adlı usta telefonuna gələn zənglərin çoxluğunu dilə gətirdi:
“Həm təmir, həm də quraşdırma üçün zəng edirlər. Düzdür, son günlər havaların bir qədər sərinləşməsi alıcıların sayına təsir edib, işlərimiz zəifləyib. Amma bu yay işləməkdən nəfəs ala bilməmişik”.
Usta bazarda keyfiyyəti aşağı və ucuz kondisionerlərin satışının artdığını vurğulayır:
“Əksəriyyət “HOFFMANN” kondinsionerləri alır. Çindən gətirilir və Almaniya malı kimi təqdim edilir. Bu kondisionerlər digər markalarla müqayisədə ucuzdur”.
Ölkəyə Çindən idxal artıb
Dövlət Statistika Komitəsinin rəqəmlərinə inansaq, idxalda ən yüksək artım Çindən gətirilən kondisionerlərin payına düşüb. Əgər 2015-ci ildə Çindən 6 991 ədəd kondisioner idxal olunmuşdusa, ötən il bu rəqəm 12 dəfə artıq - 82 986 ədəd olub.
Çindən gətirilən kondisionerlərin gömrük dəyərində də artım qeydə alınıb. İki il əvvəl Çindən idxal olunan kondisionerlərin gömrük dəyəri 152 dollar olduğu halda, ötən il 211 dollar olub.
Diqqət çəkən məqamlardan biri isə odur ki, 2015-ci ildə Azərbaycana ən çox Türkiyədən kondisioner idxal olunsa da, 2016 və 2017-ci illərdə Türkiyədən kondisioner gətirilməyib. Ötən il Azərbaycana Çindən sonra ən çox Özbəkistandan (5344 ədəd), Taylanddan (5297 ədəd) və Malaziyadan ( 2527 ədəd) kondisionerlər idxal olunub.
Yerli istehsal dayanıb
Azərbaycan nə yaponlar, nə çinlilər, hətta özbəklər kimi kondinsioner istehsalında yüksək göstərici əldə etməsə də, ölkənin iqtisadi tarixində bu istiqamətdə fəaliyyətlər olub.
Məsələn, keçmiş SSRi-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda açılıb. “Bakı Kondinsioneri” adlandırılan bu zavod Yaponiyanın “Hitaşi” firmasının lisenziyası əsasında məişət kondisionerləri hazırlayırdı. 80-ci illərdə müəssisənin istehsal gücü 400-500 min ədəd kondinsioner təşkil edirdi.
Bakı kondisionerləri öz qabariti və səsi ilə başqa xarici kondisionerlərdən geri qalsalar da, ixrac potensialına malik idilər. Ən böyük alıcısı da Kuba idi. Bu ölkə ildə 700 ədəd kondinsioner alırdı.
Bundan başqa, Çin, İran, Misir və Avstraliyaya da ixrac həyata keçirilirdi. Kondisionerləri, əsasən, uzunömürlülüklərinə görə alırdılar. SSRİ dağıldıqdan sonra zavodun iqtisadi fəaliyyəti zəiflədi.
2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı Kondisioneri” (Bakı Kondisioner Zavodu) SC-nin səhmlərinin 90,3%-nin satışı üzrə investisiya müsabiqəsi elan etdi. Zavodun səhmlərinə 2016-cı ilə qədər alıcı çıxmadı. Bundan sonra isə zavodun taleyi müəmmalı qaldı.
Daha bir yerli istehsalçı “EVSEN” Şirkətlər Qrupu idi. Bu zavod müstəqillikdən sonra fəaliyyətə başlamışdı. “Elit” markası ilə kondinsionerlər istehsal edirdi. Artıq bu kondinsionerlərin də istehsalı dayanıb.
Leyla Əliyeva
www.oxu.az