12 
Okt
2018
15:47
21
162
3537
Virtual karabakh

Ölkəyə gələn dollar nəyə xərclənir? - TƏHLİL

12 Okt, 2018
15:47
3537

Ölkəyə gələn dollar nəyə xərclənir? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricə satdığımız neftin, qazın, qızılın və digər sərvətlərin hesabına qazandığımız valyutanı nəyə xərcləyirik? 

Oxu.Az xəbər verir ki, bu ilin doqquz ayında aldığımız və rəsmən gömrükdən keçən məhsulların siyahısı və dəyəri açıqlanıb. 

Cədvəldən görünür ki, doqquz ayda Azərbaycana 1 milyard 833 milyon 92 min dollar dəyərində maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələri gətirilib. Ötən illə müqayisədə, xarici avadanlıqlara çəkilən xərclər (1 milyard 331 milyon 633 min dollar) 500 milyon dollar artıb. 

Bundan sonra pulumuzun 976 milyon 290 min dollarını xarici qida məhsullarına verib, yeyib-içmişik. Yeri gəlmişkən, bu göstərici ötənilki göstəricidən beş milyon dollar çoxdur. 

Hazırda idxalımızın 12 faizini tutur, halbuki ötən ilin yanvar-sentyabr aylarında 16% idi. Əsas qida məhsullarının menyusuna baxsaq, çörək bol olsun deyə, yerli istehsaldan əlavə, ölkəyə 151 milyon 427 min dollarlıq buğda almışıq. Buğdaya çəkdiyimiz xərc ötən ilin eyni dövründəkindən 15 milyon dollar çoxdur. 

Azərbaycandan meyvə-tərəvəz ixracımız artdığı kimi, idxal da templə artır. Bu ilin doqquz ayında bu məqsədlər üçün idxalçılar xaricə 111 milyon dollardan çox pul köçürüblər.  104 milyon 209 min dollara yaxın bitki və heyvan mənşəli yağlar üçün xarici ölkələrə ödəmişik. 

Sevindirici fakt budur ki, bu il hiss etmişik ki, Azərbaycanda şəkər zavodu işləyir, çünki xaricdən aldığımız şəkər tozunun həcmi 173 min tona düşüb, halbuki, 2017-ci ilin doqquz ayında 267 min ton idi. Bunun üçün xaricə axan valyuta da yarıbayarı azalıb və 63 milyon 309 min dollara enib. 

Azərbaycanda son illərin bahalaşma sürətinə görə rekord qıran kərə yağı almaq üçün idxalçı şirkətlər 51 milyon 122 min dolları xarici istehsalçıların hesablarına köçürüblər. İribuynuzlu heyvanların sayının azalması nəticəsində ölkəmizin ətə olan ehtiyacı da yüksəlib və rəsmi rəqəmlərə görə, xaricdən gətirilən 34 min 252 ton ət üçün 50 milyon dollara yaxın valyuta itirmişik.

Rahatlığımızı təmin etmək üçün növbəti valyuta axını nəqliyyat vasitələrinə xərclənib. 617 milyon 473 min dollar dəyərində nəqliyyat vasitələri və onun hissələrini almışıq. 

Maraqlı bir statistika da budur ki, azərbaycanlıların tütünlə bitki yağlarına xərclədikləri pullar çox yaxındır: 102 milyon 868 min dollarlıq tütün, 104 milyon dollarlıq bitki yağı almışıq. 

Ümumilikdə, bu ilin doqquz ayında Azərbaycanın idxal etdiyi məhsulların statistik dəyəri 7 milyard 905  milyon 192 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyard 800 milyon dollar çoxdur. 

İlhamə Abdullayeva 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri