Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda əmək pensiyaları ilə bağlı - MÜHÜM DƏYİŞİKLİKLƏR
Parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci və üçüncü (sonuncu) oxunuşda müzakirə olunub.
Oxu.Az xəbər verir ki, layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri qeyd edib ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.
2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:
2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.
Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
Qeyd edək ki, qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Layihə səsverməyə çıxarılaraq ikinci və üçüncü (sonuncu) oxunuşda qəbul edilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az