Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vergi Məcəlləsinə dəyişikliklərin üstünlükləri haqqında - MÜSAHİBƏ
1 yanvar 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib.
Bu dəyişikliklər nədən ibarətdir və sahibkarlara hansı üstünlükləri qazandırır?
Bu barədə Oxu.Az-a müsahibəsində vergi məsələləri sahəsində tanınmış ekspert Emin Səttarov məlumat verib.
- Yeni Vergi Məcəlləsinə düzəlişlər daha çox hansı kateqoriyaya təsir edir?
- Təsir dairəsinə düşənlər daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və muzdlu işçilərdir, deyə bilərik. Düzdür, Vergi Məcəlləsi birbaşa sahibkarlıq fəaliyyətini tənzimləyir, amma eyni zamanda, sahibkarlıq fəaliyyəti olmayıb, gəlir əldə edən şəxslər var ki, bunlara icarə, dividend, əməkhaqqı aid edilə bilər, ümumilikdə Azərbaycan dövlətinin hüdudları daxilində azadolmalar istisna edilməklə, əldə olunan gəlirlər üzrə vəziyyəti nizamlayır.
2019-cu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklər də daxil olmaqla, bir çox müddəalar işlək vəziyyətdədir, ancaq elə keçid müddəalar var ki, onlar üç aydan və ya bir ildən sonra qüvvəyə minəcək. “Bu məcəllə daha çox kimlərə təsir etdi?” deyə soruşdunuz, sahibkarları götürsək, daha çox mikro və kiçik sahibkarlara hədəfləndi, orta və iri sahibkarlıq isə vergi münasibətləri baxımından əvvəlki vəziyyətində qaldı.
- Niyə dövlət bu dəyişikliyi daha çox mikro və kiçik sahibkara tətbiq etdi?
- Çünki onlar sənədləşmədən tam kənarda idi, uçotu sadələşmiş qaydada aparırdı, gəlir və xərc prinsipi ilə işləmirdi. Buna görə də iri ödəyicilərdən aldıqları malları sənədsiz almağa meyilli idi. Ümumi dövriyyədən vergi verdiyinə görə, eyni zamanda, özünün uçotunu aparmamaqla yanaşı, qarşı tərəfin - iri vergi ödəyicisinin satdığı məhsulların uçotunu aparmamasına da şərait yaratmış olurdu.
Yeni məcəllə kiçik vergi ödəyicisini tənzimləməklə, əslində, artıq böyük sahibkarın da işini tam nəzarətdə saxlamağa imkan yaradır. Artıq iri sahibkarlar sənəd əsasında malını satmaqda əziyyət çəkməyəcəklər, çünki əgər indi, əvvəlki kimi, qeyri-rəsmi mal almaq istəsəniz, alış sənədi olmadığına görə 10 faiz sanksiya tətbiq ediləcək, odur ki, rəsmi qaydada almağa məcbursunuz.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırıldığı üçün gəlir-xərc prinsipi ilə işlədiyinizə görə uçot aparmaqda da daha çox maraqlı olacaqsınız. Unutmayın, bir ölkədə ki sadələşdirilmiş verginin tətbiq sahəsi genişdir, burada uçot çox çətin bir vəziyyətə düşür.
- Sual yaranır: niyə?
- Çünki həm 20 faiz vergi ödəyicisi, həm də dörd faiz ödəyicisi vardı, bu da neqativ hallara imkan yaradırdı. 20 faizin ödəyicisi qəsdən dörd faiz ödəyicisindən xidmət qəbul edirdi ki, mənfəətdə və ya gəlirdə 16 faiz qabağa düşsün. Ona görə də bu neqativ halların aradan qaldırılması üçün dövlət qərar verdi ki, artıq sadələşmiş qaydada uçot aparanların əhatə dairəsini daraltsın.
Gəlir-xərc prinsipi ilə işləyən vergi ödəyicilərinin əhatə dairəsini isə genişləndirsin. Məhz bu səbəbdən bu məcəllənin daha çox 10 nəfərədək işçisi və 200 min manatadək dövriyyəsi olan sahibkarlara təsir imkanları daha böyükdür.
- Belə fikirlər var ki, bu rəsmiləşdirmə qaydaları qiymət artımına təsir edəcək.
- Bunun baş verməməsi üçün kiçik və mikro sahibkarlara 75 faiz vergidən azadolma güzəşti verilib. Əvvəlki xərcləri çəkməyib, indi çəksəniz belə, dövlət bunun 75 faizini kompensasiya edəcək. Ona görə də qiymət artımına səbəb yoxdur. Təbii ki, aksiz markası tətbiq edilən enerji içkiləri, tütün məmulatları, avtomobilləri və s. nəzərdə tutmuram.
- Mikro və kiçik sahibkarlara verilən güzəştlər hansılardır?
- Sahibkar gəlir-xərc prinsipi ilə işləyirsə və qanunvericiliyə uyğun, düzgün hesabatlılıq aparırsa, dövriyyəsi 200 min manatdan aşağıdırsa, ƏDV ödəyicisi deyilsə, dividenddən də azaddır. Eyni zamanda, əmlak vergisindən belə azad olunur. Mikrosahibkarlıq subyekti iki əmsalla amortizasiya hesablayıb xərclərini artırmaqla daha az mənfəət vergisi ödəyəcək, əmlak vergisindən azaddır, nəticədə, daha çox dividend götürəcək və ondan da vergi verməyəcək. Bu məcəllə davamlı iş qurmaq, inkişaf etmək istəyən sahibkar üçün faydalı bir məcəllədir.
- Əməkhaqlarının ağarmasına yönələn vergi güzəştlərinin müsbət təsirləri barədə proqnozunuz necədir?
- Əməkhaqlarının ağarmasına gəlincə, dövlət tələb edir ki, əməkhaqlarını rəsmiləşdir, bu halda vergi yükün azalır, DSMF yükün azalır, üstəlik, bu, işçinin də xeyrinədir. İslah olmayan sahibkarlar üçün cəza tədbirləri isə çox ağır olacaq, açığı, bilmirəm, həmin cəza tədbirlərindən sonra onlar ayaqda qala biləcəklərmi? Amma normal sahibkar bunu edəcək və əksinə, əldə etdiyi “net”gəlirlər daha da artmış olacaq və şəffaf vergi ödəyicisi kimi üstünlüklərdən istifadə edəcək.
- Topdan və pərakəndə ticarətdə dəyişikliklər var. Topdansatışla məşğul olanlar 2019-cu ildən hüquqi şəxslər mənfəət+ƏDV, fiziki şəxslər gəlir+ƏDV, pərakəndə ticarətçilər isə dövriyyədən asılı olaraq, 200 minə qədər dövriyyəsi olanlar 2 faiz, bundan çox olarsa, yenə də hüquqi formasından asılı olaraq, mənfəət və ya gəlir+ƏDV ödəyicisi olacaqlar. Sizcə, bu, ƏDV bazasını genişləndirməyə xidmət edir?
- Sizi əmin edirəm ki, dövriyyəsi 200 mindən artıq olan topdan ticarət və pərakəndə ticarətçilər əgər uçotu düzgün aparsa, ƏDV ödəyicisi olmaq onlara sərf edir. Çünki aldıqları malların hamısı ƏDV ilədir və bu halda daha az vergi yükü yaranmış olacaq. ƏDV olmadan sadələşdirilmiş və ya mənfəət şəklində uçotu aparsalar, həmin ƏDV-lər böyük bir yükə çevriləcək və maya dəyərini artırmaqla geri qayıdacaq.
- Yeni məcəllənin əsas hədəfləri hansılardır?
- Mikro, kiçik sahibkarlıq subyekti, uçot, hesabatlılıq, kölgə iqtisadiyyatının ləğvi, işçilərin əməkhaqlarının rəsmiləşdirilməsi, şəffaflaşdırma. Bu hədəflər təkcə sahibkarlar üçün deyil, hər bir vətəndaşımız üçün müsbət nəticələr verəcək. Çünki vətəndaş olaraq, rəsmi maaşla bankdan daha rahat kredit götürəcəksiniz, daha rahat viza əldə edəcəksiniz.
- İşçinin əməkhaqqını rəsmiləşdirmək tələbi ilə çıxış etməsi əmək bazarının indiki vəziyyətində nə qədər realdır?
- Hər şey yenidir, dəyişikliklər sürətlədir və çoxhəcmlidir. Dövlət tərəfindən sosial şəbəkələr, mətbuat üzərindən maarifləndirici tədbirlər aparılsa, insanlar bunun sonunda nə əldə edib, nə itirdiklərini bilsə, hüququnu tələb edəcək. Bazar reallığı da var, iş tapmaq imkanları aşağı olanda çətinliklər yaranır, amma uçot inkişaf etdikcə tələbat artdıqca, diktə edən işəgötürən deyil, işçi ola biləcək. Zamanla bu tendensiya gedəcək və 2019-cu ildə əməkhaqqı ilə bağlı nəzarət tədbirləri artacaq.
İlhamə Abdullayeva
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?