Bakıda mağazalar şəbəkələrindən birində satıcı işləyən həyat yoldaşını öldürməyə cəhd edən Fəxrəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib.
"Mən burada deyildim, xaricdə olurdum. Yoldaşımın universitetdə oxumağına icazə verdim. Mənə xəbər çatdı ki, onun qohumu ilə əlaqələri var. Mağazada işləyirdi. Mən gəldim Bakıya, atasıgilə xəbər göndərdim ki, qızınızla bağlı belə bir məsələ var. Onlar bir dəfə də maraqlanmadılar. Həmin adamı tapıb danışdım onunla, başladı ağlayıb yalvarmağa ki, mənim xəbərim yoxdur. Onun ağlamağından bildim ki, günahkardır bu işdə", - F.Quliyev deyib.
Bu məsələyə görə cütlük arasında soyuq münasibətlər yaranıb və boşanıblar.
Fəxrəddin Quliyevin dediyinə görə, onlar boşanana qədər bir neçə dəfə ailədaxili mübahisələrinə görə polis bölməsində də olublar.
Sonuncu dəfə hadisədən bir gün əvvəl mübahisə ediblər. Fəxrəddin Quliyev beş yaşlı övladını görmək istəsə də, buna nail ola bilməyib. Buna görə də bir gün sonra Fəxrəddin Quliyev keçmiş həyat yoldaşının iş yerinə gəlib:
"Hadisə günü gəldim onun işlədiyi mağazaya. Müdir dedi ki, burada deyil, harasa gedib, yəqin, nahardadır. Gedib bayırda axtardım, tapa bilmədim, yenidən qayıtdım mağazaya, məni görən kimi qaçmağa başladı. Özümdən asılı olmayaraq qaçıb tutdum, ona bıçaq zərbələri endirdim".
Fəxrəddin Quliyev Leyla Quliyevaya 14 bıçaq zərbəsi endirib.
Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən mağazalardan birində baş verib. 1992-ci il təvəllüdlü Fəxrəddin Quliyev mübahisə zəminində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Leyla Quliyevaya çoxsaylı bıçaq zərbələri endirərək ona ağır xəsarətlər yetirib.
Leyla Quliyeva xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.
Fəxrəddin Quliyev isə şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.