2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manat olub. Bu, əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 2,7 faiz çoxdur. Bəs, bu qədər pul nəyə xərclənib?
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb, başqa sözlə ötən bir ildə qeyri-ərzaq məhsulları daha çox bahalaşıb.
2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının payına düşüb. Xərc cədvəlində bundan sonrakı yeri 17,6 faizi toxuculuq məhsulları, 8,4 faizlə digər qeyri-ərzaq məhsulları təşkil edib.
2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.
İlhamə Abdullayeva