Yoxlamalara dair yeni qadağa qoyulur.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunur ki, yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağan edilsin.
Sənədə əsasən, texnoloji həll formasında olan malın (işin, xidmətin) innovasiya məhsulu olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) tərəfindən müəyyən edilən qaydada verilən təsdiqedici sənəd əsasında müəyyən olunur. Müvafiq təsdiqedici sənəd yalnız müraciətdə göstərilən fərdi texniki və keyfiyyət xüsusiyyətlərinə malik konkret satınalma predmetinə münasibətdə hüquqi qüvvəyə malikdir. Həmin sənəd təchizatçı tərəfindən fərqli xüsusiyyətlərə malik digər malların (işlərin, xidmətlərin) və ya texnoloji həllərin satın alınması zamanı güzəşt və üstünlüklər əldə etmək məqsədilə istifadə edilə bilməz.
Qəbul ediləcəyi halda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.