18 
Apr
2019
14:21
48
284
11579
Virtual karabakh

Avtomobillər bahalaşa bilər - Ekspert səbəbi açıqladı

18 Apr, 2019
14:21
11579

Avtomobillər bahalaşa bilər - Ekspert səbəbi açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, bu, hiss olunacaq qədər deyil. 

Bu fikirləri Oxu.Az-a müsahibəsində nəqliyyat eksperti Elməddin Muradlı deyib.

“Bu ilin əvvəlində gömrük rüsumlarının artırılması avtomobillərin qiymətlərinin qalxmasına səbəb olmuşdu. Bəziləri ötən ilin sonunda rüsumların artırılmasından xəbərdar idilər və bunun üçün gömrük rüsumu aşağı olan vaxtda çoxlu sayda avtomobilləri ölkəyə gətirərək, baha qiymətə satmaq istəyirdilər. 

Ancaq onların niyyəti baş tutmayıb. Hazırda həmin avtomobillər bazarda qismən aşağı qiymətə təklif olunur. Amma yenə də ötən illə müqayisədə, qiymətlər heç də ucuz hesab edilə bilməz”, - o bildirib. 

Ekspertin sözlərinə görə, yerli avtomobillərin istehsal edilməsi bazardakı qiymətlərin də ucuzlaşmasına səbəb olan amillərdəndir. 

“Çünki bir çox dövlət qurumları hazırda xidməti maşın kimi yerli istehsal olan avtomobillərdən istifadə edir. Bütün bunların fonunda avtomobillərin qiymətində tam olaraq ucuzlaşma gözləmirəm”, - o əlavə edib. 

E.Muradlı qeyd edib ki, qiymətlər getdikcə bahalaşır, daha böyük bahalaşma gözlənilir: 

“Çünki bildiyiniz kimi, ötən il dekabrın 27-də prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib. Beş illik dövlət proqramı çərçivəsində texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismardan yığışdırılması nəzərdə tutulub. Çox güman ki, dövlət bunu hansısa formada həyata keçirəcək”. 

Ekspertin sözlərinə görə, bizim üçün ən optimal variant Rusiya modelidir: 

“Rusiya köhnə avtomobilləri alıb, yeni maşınları güzəştli şərtlərlə vətəndaşlara verir. Amma Rusiyanın avtomobil istehsalı Azərbaycandan qat-qat yüksəkdir. Ona görə Rusiya bunu qarşılaya bilir, amma Azərbaycan üçün bu, müəyyən çətinliklər yaradacaq. Həm də inanmıram ki, bunu qısa müddətdə həll etmək mümkün olsun”. 

E.Muradlının fikrincə, vəziyyətdən optimal çıxış yolu gömrük rüsumlarına və əlavə dəyər vergisinə yenidən baxılmasıdır. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri